Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı strategiyasına uyğun olaraq, Kəlbəcər rayonunda bu günə kimi “AzərEnerji” 6 yerdə kiçik su elektrik stansiyası (SES) yenidən quraraq istismara verib.
Bu barədə qurumdan məlumat verilib.
Məlumata görə, 2022-ci ildə 4,4 meqavat gücündə “Kəlbəcər-1”, 2023-cü ildə isə 8,33 meqavat gücündə “Çıraq-1”, 3,6 meqavat gücündə “Çıraq-2”, 6,33 meqavat gücündə “Qamışlı”, 5,3 meqavat gücündə “Soyuqbulaq” və 3,4 meqavat gücündə “Meydan” kiçik SES-lərinin yenidənqurmadan sonra açılışı olub.
Hazırda Kəlbəcər rayonunda 4 yerdə kiçik SES-lərin tikintisi aparılır. “Aşağı Vəng”, “Yuxarı Vəng”, “Nadirxanlı” və “Zar” adlanacaq stansiyaların 2024-cü ildə istismara verilməsi planlaşdırılıb.
Xatırladaq ki, Kəlbəcər işğaldan azad ediləndən dərhal sonra Daşkəsən rayonundan Kəlbəcərə 3500 metr yüksəklikdəki Murov dağını keçməklə 70 km məsafədə yüksəkgərginlikli ikidövrəli ötürmə xətti çəkilib. Dağlar sıldırımlı, hava sərt şaxtalı, qarın qalınlığı 3-5 metrə çatan yolsuz ərazilərdə hündülüyü 50 metr, çəkisi 10 ton olan anker dayaqlar quraşdırılaraq şəraitsiz vəziyyətdə vəzifə icra edilib. Paralel olaraq, sərt iqlim və çətin relyefdə yerləşən Kəlbəcərdə 110/35/10 kilovoltluq rəqəmsal yarımstansiya tikilib. 2021-ci ilin yayında yarımstansiyanın açılışı olub.