8 C
Baku
Wednesday, December 4, 2024

Kənd təsərrüfatının inkişafında iqtisadi tədbirlərin rolu -TƏHLİL

Müəllif: Elman Sadıqov

Kənd təsərrüfatı və onun inkişafı ilə bağlı çoxlu məqalələr yazılır, müxtəlif fikirlər səsləndirilir. Bu dəfə məsələyə fərqli cəhətdən yanaşaq. Dünyanın aparıcı kənd təsərrüfatı ölkələrində, ABŞ, Çin, İsrail, Hollandiya, Fransa, İspaniya, Yaponiya, qonşu Türkiyədə kənd təsərrüfatının inkişaf tarixi və görülən tədbirləri araşdırqdıqda əldə olunan əsas nəticə budur:

Kənd təsərrüfatının müstəqil bir şəkildə inkişaf etməsi çox çətindir, rəqabətin yüksək olduğu müasir dövrdə isə demək olar ki, mümkünsüzdür. Başqa sözlə desək, kənd təsərrüfatı hər istiqamətdən dəstək görməli olan bir sektordur. Ölkəmizdə xüsusilə son 3-4 il ərzində kənd təsərrüfatına verilən dəstəklər, siyasi iradə, istək, dotasiya və subsidiyalar, görülən tədbirlər, əldə olunan nəticələr haqqında danışsam indiyə qədər səslənən bir çox fikirləri təkrar etmiş olaram. Bunlar məlumdur. Təqdirəlayiqdir.

Kənd təsərrüfatının inkişafı üçün zənnimcə qeyd olunan tədbir və dəstəklərdən əlavə biz ölkə olaraq bizdən asılı olan və olmayan problemləri həm dərindən təhlil etməli, həm də effektiv çıxış yolları axtarmalıyıq. İstisnasız olaraq, kənd təsərrüfatının inkişaf etdiyi bütün ölkələrdə, o cümlədən dünya kənd təsərrüfatı sektorunun 56%-ni əhatə edən G20 ölkələrində kənd təsərrüfatına subsidiya və dotasiyalardan əlavə (ölkəmizdə də bu sahədə müsbət işlərin görülməsi danılmazdır) çox aktiv proteksionist tədbirlər görülür. Məsələn, Avropa süd bazarını tənzimləmək üçün illik 150 milyon avroluq büdcə müəyyən edir, ABŞ təkcə pambıq üçün ildə 20 milyard civarında dotasiya və subsidiyalar xərcləyir və sair. Buna əlavə olaraq, istehsal etdiyi mallar üçün illik kvotalar müəyyən edirlər. Bir haşiyə çıxım: ABŞ alüminium idxalına əlavə 25%-lik vergi tətbiq etdi. Əsas səbəbin Çin ilə açıq ticarət balansının olmasını səsləndirdi. Çin ticarət müharibəsinə yol verməmək üçün güzəştə getməyə hazırlaşır. ABŞ-la ticarət balansını ABŞ-ın xeyrinə düzəltmək üçün ABŞ-dan ixracını artıracağını vəd etmək istəyir. Əsas ixrac mallarından biri də soya yağı olacaq. Yəni ABŞ deyir ki, ölkə daxilində sərbəst bazar, sərbəst rəqabəti nə qədər dəstəkləyirəmsə, o bazarı qorumaq üçün də bir o qədər sərt proteksionist addımlar ataram.
Ölkəmizin kənd təsərrüfatı sahəsində rəqabətlə bağlı vəziyyəti daha mürəkkəbdir. Qonşu ölkələr Rusiya, İran və Türkiyə. Son 2 ölkədə kənd təsərrüfatı inkişaf etmiş, Rusiyada da inkişaf etməkdədir. Rusiya bazarı uğrunda isə həm Türkiyə, həm İranla rəqabət etmək məcburiyyətindəyik. Alternativ bazarlar ərəb ölkələridir. Onlara çıxış məsələsində isə (xüsusilə lojistik baxımdan) həm İran, həm Türkiyə bizdən daha avantajlıdır. Bizim həmin ölkələrə çıxışımız mümkündür, lakin daha maliyyətlidir. Müsbət tərəf isə odur ki, məhsullarımız nisbətən daha sağlam və ekoloji təmizdir. Şübhəsiz ki, bu amildən daha aktiv istifadə edəcəyik. Lakin, ən böyük 2 məsələ var: məhsuldarlıq və qiymət. Məhsuldarlıqda fərqlə bağlı cəmi 3 rəqəm dəyərli oxucularda müəyyən fikirlər yaradacaq: Almaniya 8.6 milyon hektar sahədən ildə 27 milyon ton, Fransa 7.3 milyon hektar sahədən ildə 38 milyon ton, Türkiyə isə 7.2 milyon hektar sahədən ildə 19 milyon ton buğda hasil edir (2016). Süd əldə olunması ilə bağlı sadə bir müqayisə: Hollandiyada 4.5 milyon inək vardır və həmin 4.5 milyon inəkdən ildə 11 milyon litr süd əldə edilir. Türkiyə isə mövcud 50 milyon inəkdən 9.5 milyon ətrafında süd əldə edir. Fərq çox böyükdür. Hollandiyada kənd təsərrüfatı ilə bağlı çox maraqlı rəqəmlər və ibrətamiz bir inkişaf yolu vardır ki, bununla bağlı ayrıca bir yazı təqdim edəcəyəm. Bircə faktı deyim. Hesablamışlara görə, Hollandiyada olan məhsuldarlıq və sistem digər ölkələrdə də olsa, 50 milyard insanı rahat bir şəkildə ərzaqla təmin etmək olar. Bu rəqəmlər göstərir ki, məhsuldarlıq çox vacib faktordur. Təqribi hesablamalara görə Azərbaycanda taxıl məhsuldarlığı hektara orta hesabla 40 sentner olarsa, əlavə əkin sahəsi yaratmadan ölkəmiz özünü taxılla təmin edər. Biz ortalama 40 sentneri hədəf seçirik, dünyada hektara 40 sentner rentabelli sayılmır və çox aşağı göstərici sayılır. Əgər məhsuldarlıq orta hesabla 50 sentner olsaydı onda biz ixrac haqqında düşünərdik. Eyni fikirləri pambıq haqqında da demək olar, digər məhsullar haqqında da. Burada yeni yarandıqları üçün istisnalar istilikxanalar və bağ sahələridir. Çox vacib bir məsələ də budur ki, çıxış yolunun iri fermer təsərrüfatlarında olması fikri digər ölkələri araşdırdıqda özünü doğrultmur. Bütün inkişaf etmiş ölkələrdə (xüsusilə bizim kimi kiçik ölkələrdə) xırda, lakin effektiv inkişaf etmiş çoxsaylı fermer təsərrüfatlarının olduğu görünməkdədir. Çünki, kənd təsərrüfatı riskli sahədir, risklərin diversifikasiyası vacibdir və kiçik ölkələrdə iri fermer təsərrüfatlarında hər hansı fəsad bu sahədə balansı ciddi bir şəkildə pozar. Bu amil Rusiya, ABŞ, Kanada, Çin kimi böyük ölkələr üçün aktual və riskli məsələ deyildir. Çünki, əraziləri çox böyükdür. Kiçik ölkələrdə isə əlavə iqtisadi dəyər zəncirinin yaradılması amili çox ciddi araşdırılır və inkişaf bu istiqamətdə gedir. Yəni, bir hektardan maksimum gəlir və məhsulun ən azı emal və ya istehsal olunaraq satılması. Məsələn, pambığın mahlıc və ya parça şəklində, meyvənin qurudularaq, konservləşdirilərək və ya mürəbbə, cem şəklində satılması və sair. Bu ildən, xüsusilə növbəti illərdən etibarən pomidorla bağlı ciddi rəqabətlə üzləşəcəyik. Tomat şəklində ərəb ölkələrinə ixracının daha effektiv ola biləcəyi görünməkdədir. Məhsuldarlıq çox geniş və vacib mövzudur. Məhsuldarlığın artması üçün önəmli məsələlər statistika, araşdırma və təlim məsələləridir ki, bunların xüsusi yanaşmalara ehtiyacları vardır.

İkinci məsələ isə kənd təsərrüfatı məhsullarının qiyməti məsələsidir. İlk baxışda paradoksal vəziyyət yaranır. İstehlakçı kənd təsərrüfatı məhsullarının ucuz olmasını, istehsalçı isə ucuz məhsulların onu müflis etdiyini, məhsulun maya dəyəri səviyyəsində və ondan aşağı olduğu üçün stimul vermədiyini bildirir. Araşdırmalar burada da dotasiya və subsidiyaların vacib amil olduğunu, lakin kifayət etmədiyini göstərir. Bu məsələlər həm də gömrük siyasəti ilə tənzimlənir. Burada gömrük siyasəti dedikdə təkcə rüsum və tariflərdən deyil, həm də kvotalardan istifadə edilir. Xüsusilə, həmin məhsulun mövsümü vaxtı. Məsələn, ölkədə çiyələk yığımı zamanı ölkəyə çiyələk idxalına konkret olaraq qadağan qoyulur. Ölkə məsələn, ət və ya süd idxalına illik kvota müəyyən edir. Bu çox incə və önəmli faktordur. Aydındır ki, əgər bir fermer istehsal edəcəyi məhsulu satacağına əmindirsə həmin məhsulun istehsalının artırılması barədə düşünəcək. Əks halda, idxal hesabına yaranan ucuzluq sonrakı illərdə ölkə və əhali üçün daha maliyyətli olacaq. Bir il bir məhsulun kiloqramını 2 manata, növbəti il 10 manata almaqdansa, hər il ölkə daxilində istehsal olunan məhsulun kiloqramını 4 manata almaq hər kəs (həm satıcı, həm alıcı) üçün daha rentabellidir.
Qeyd etdiklərim ciddi və geniş mövzulardır. Lakin, dəyərli oxucuların vaxtlarını almamaq üçün maksimum qısa və lakonik toxunmağa çalışdım. Qısaca desək, biz yaxın dövrlərdə 2 məsələdə, məhsulun qiyməti və məhsuldarlıq məsələlərində daha yüksək nailiyyətlər əldə etməsək, ən azı qonşu ölkələrin kənd təsərrüfatı məhsullarının ciddi təzyiqini ölkəmizin kənd təsərrüfatı öz üzərində ilbəil daha ciddi şəkildə hiss edəcəkdir.

Son xəbərlər
Digər xəbərlər