Bir neçə il əvvəl uşaqların tərbiyəsi və inkişafı dərslərinin ikinci günündən sonra (mən – kollecdə psixologiya professoruyam) mənə tələbələrdən biri yaxınlaşdı. O, bir saniyə tərəddüd etdi və dedi: “Bu material mənim üçün çox maraqlıdır. Ancaq ümid edirdim ki, sizin kursunuz mənə yaxşı valideyn olmağa kömək edəcəkdir”.
O elə düşünürdü ki, kurs ona kömək etməyəcək, çünki valideynlərin övladlarının necə insan olacağına nəzarət edə bilmədiklərini söylədim. Mən təəccübləndim. Uşaqların tərbiyəsi və inkişafı elmini başa düşmək və yaxşı valideyn olmaq eyni deyil ki? Düşünürəm ki, kursum onun fikrini az da olsa dəyişdirdi.
Valideynlər övladları üçün ən yaxşısını istər. Və bu, onların gənc və ya yaşlı, varlı və ya kasıb, evli və ya boşanmış olmalarından asılı deyil. Uşaqların tərbiyəsinə dair kitablar hər gün qarşılaşdığımız sərt qərarları verməyimizə və ən yaxşı nəticələr əldə etməyimizə kömək etməyi vəd edir.
Tərbiyə tərzindən asılı olmayaraq, bu kitablarda dəyişməz bir mesaj var: əgər övladınız uğurlu ola bilmirsə, deməli səhv bir şey edirsiniz.
Ancaq məlum olur ki, elm tamamilə fərqli və ilhamverici nəticəyə gəlmişdir: uşağın valideynlərinin qərarlarına əsasən böyüyəndə necə biri olacağını proqnozlaşdırmaq – kəpənəyin qanadlarının bir hərəkəti ilə qasırğanın olub-olmayacağını öyrənmək kimidir.
Yəqin ki, Çində qanadlarını çırpan və bununla da bütün atmosferi yerindən tərpədən kəpənəkdən xəbəriniz var?
Əgər valideynsinizsə, siz – qanadlarını çırpan kəpənəksiniz, uşağınız isə – qasırğa, həyəcanverici təbii qüvvə. Siz uşağınızın böyüyəndə çevrildiyi insanı formalaşdırırsınız, yəni kəpənək olmasaydı, qasırğa olmazdı.
Soruşa bilərsiniz: “Bəs uğurlu övladları olan uğurlu valideynlər necə? Və yaxud vəzifələrinin öhdəsindən gələ bilməyənlər insanlar?”. Alimlər bu formalaşdırıcı qüvvələrin sirrini açmaq üçün milyonlarla uşağın iştirakı ilə araşdırma apardılar. Məlum oldu ki, bir evdə böyümüş uşaqlar müvəffəqiyyət, xoşbəxtlik, özünə inam və s. baxımdan nəzərəçarpacaq qədər bir-birlərindən fərqlənə bilər.
Başqa sözlə desək, təsəvvür edin ki, doğulanda sizi sol qonşunuz böyüdür, qardaş və bacınızı isə – sağ qonşunuz. Bu fakt sizi bir-birinizdən daha fərqli və ya oxşar olmağınıza təsir etməyəcək.
Bir tərəfdən, bu tapıntılar inanılmaz görünür. Valideynlərin nə qədər fərqli olduqlarını, nə qədər tez-tez mübahisə etdiklərini, övladlarını nə qədər sevdiklərini və həddindən artıq qorumağa çalışdıqlarını təsəvvürünüzə gətirin. İlk baxışdan sizə elə gələ bilər ki, bir evdə böyümüş uşaqlar bir-birlərinə bənzəməlidirlər.
2015-ci ildə aparılan metaanaliz (və ya tədqiqat) bu qanunauyğunluğu araşdırdı. Tədqiqatçılar 17 min nəticə əsasında uşaqların kim olmasına genlərin təsir etdiyini tapdı. Ancaq bu, bir evdə böyümüş uşaqların bir-birlərinə oxşaması üçün yetmir.
Digər tərəfdən də bunda təəccüblü heç nə yoxdur. Belə ki, bir valideynin övladları bir-birindən tamamilə fərqlənə bilər. Məsələn, bir uşaq valideynlərinin boşanmasını faciə kimi qəbul edir, digəri isə bunda rahatlıq tapır. Hadisə eynidir, təcrübə isə fərqli.
Ancaq bir hadisənin insanlara müxtəlif formada təsir göstərməsi hələ heç nə demək deyil. Övladlarınıza verdiyiniz tərbiyə onlara təsir edir, sadəcə düşündüyünüz qədər yox. Bəlkə bir övladınız böyüyəndə daha ciddi, digəri isə daha “sərbəst” insan olacaq? Və ya bir övladınız sizə oxşamaq istəyəcək, digəri isə – yox?
Beləliklə, bütün bu kəşflərlə nə edə bilərik?
Birincisi, valideynlərin vacib olduğunu bilin.
İkincisi, valideynlərin təsirini proqnozlaşdırmaq çətin olduğunu unutmayın.
Valideynlər üçün: uşağınızı kifayət qədər idarə edə bilmədiyiniz üçün özünüzü günahlandırmayın. Sizin onun üzərində nəzarətiniz deyil, təsiriniz var.
Uşaqlar üçün: valideynlərinizi günahlandırmayın və ya heç olmasa onların sizin həyat yolunuzu müəyyənləşdirdiklərini düşünməyin.
Ümumiyyətlə, valideynləri günahlandırmaqdan çəkinin. Bu yaxınlarda minlərlə valideyn arasında aparılan sorğu nəticəsində anaların 90%-nin, ataların isə 85%-nin mühakimə olunduğu müəyyən edildi. Valideynlər əllərindən gələni etdikdə belə, hər kəsi məmnun etmək mümkün olmur. Bu, vaxt itkisindən başqa bir şey deyil.
Aktivist Endrü Solomonun sözlərinə görə, “bir çoxumuz valideynlərimizdən fərqli olduğumuzdan qürur duysa da, övladlarımız bizdən fərqləndiyinə görə sonsuz dərəcədə kədərlənirik”. Uşaqlarımızın gələcəyinin bizim nəzarətimizdə olduğuna inamdan imtina edə bilsək, hər şey daha asan olacaq.
Övladlarımızın inkişafının mürəkkəb bir sistem olduğu qəbul etsəydik, gündəlik qərarlarımıza yanaşma dəyişərdi və biz görmək istədiyimiz son nəticənin deyil, uşağın varlığının vacib olduğunu dərk edərdik.
Valideynlər və uşaqlar (kəpənəklər və qasırğalar) haqqında elm insanlara sərbəst şəkildə həyatdakı ən vacib və əhəmiyyətli məqamlara cəmləşməyə imkan verir. Bu, valideyn təcrübəsini daha real və əyləncəli edir.