“Yaponiyanın düyü rezervləri son illərdə müşahidə olunan kəskin çatışmazlıqdan sonra ən yüksək səviyyəyə yüksələcək”.
Bu barədə Yaponiyanın Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq Nazirliyi rəsmi açıqlama yayıb.
Qurumun bildirdiyinə görə, 2027-ci ilin iyununa qədər şəxsi anbarlarda toplanan düyünün miqdarı tarixi maksimumu yeniləyərək 2.7 milyon tonu ötəcək. Qeyd edək ki, standart ehtiyat norması təqribən 2 milyon ton hesab olunur.
Bununla da dövlət, əlverişsiz hava şəraiti səbəbindən məhsuldarlığın aşağı düşməsi nəticəsində 2024-cü ildən etibarən yaranmış düyü qıtlığı problemini həll etməyə nail olub.
Böhran dövründə düyünün qiyməti təxminən iki dəfəyə qədər artmış, bəzi marketlər məhsul qıtlığı səbəbindən limitli satış rejiminə keçəcəkləri barədə xəbərdarlıq etmişdilər.
Keçən ilin fevralında Yaponiyada düyünün orta pərakəndə qiyməti əvvəlki ilin analoji dövrü ilə müqayisədə 90%-ə yaxın artmışdı. 2025-ci ilin fevralının ilk həftəsi üçün 5 kiloqramlıq düyünün orta bazar qiyməti 3 829 yen (təxminən 41 manat – red.) təşkil edib. Bu göstərici, ötən ilin fevralında 2 000 yenə (təxminən 21 manat – red.) satılan 5 kiloqram düyü ilə müqayisədə 90%-lik bahalaşma deməkdir.
Artıq 40 ildir ki, Yaponiyada ən çox tələbat olan düyü növü Koşihikaridir. Ötən ilin yayında Niiqata prefekturasında yığılan məhsulun cəmi 5%-i satış üçün yararlı hesab edilib, halbuki normal şəraitdə bu göstərici 80% təşkil edir. Məhz bu vəziyyət mağazalarda rəflərin boş qalmasına və dövlətin strateji düyü fondlarından istifadə edilməsi ilə bağlı müraciətlərə səbəb olmuşdu.






