Bu gündən ölkə ərazisində müştərilərə kafe və restoranların daxilində xidmət göstərmək mümkün olacaq.
Xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində və vətəndaşların məsuliyyətli davranışı sayəsində koronavirus (COVID-19) infeksiyasının yayılması məhdudlaşdırılıb, yoluxma hallarının sayında azalmaya nail olunub.
Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, müvafiq karantin qaydalarına riayət olunmaqla və Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq ictimai iaşə obyektləri saat 00:00-a qədər daxildə xidmət göstərə bilərlər.
Qeyd edək ki, avqustun 5-dən başlayaraq sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi məhdudiyyətlər aradan qaldırılıb və yumşalmalar təmin edilib.