12 C
Baku
Saturday, November 23, 2024

Kağız pulların gigiyenik olmaması rəqəmsal ödənişləri aktual edir

Koronavirus pandemiyasının sürətlə yayıldığı bir şəraitdə insanların nağd pula olan tələbatının artdığı müşahidə olunmaqdadır. Bunun obyektiv və psixoloji səbəbləri olsa da hazırki vəziyyətdə kağız pulların insan sağlamlığına təhlükə yaratma riski olduqca yüksəkdir. Kağız pulların dövriyyəsi zamanı onların əldən-ələ keçməsi insanların koronavirusa yoluxma ehtimalını daha da artırır. Tədqiqatlara əsasən qrip virusu kağız əskinaslarda canlı və yoluxucu vəziyyətdə 17 gün qala bilir. Bu səbəbdən “Covid-19”-un yayılmasında nağd pulların mühüm rol oynadığını ehtimal etmək heç bir mübahisə doğurmur. Buna görə də dünya hökumətləri artıq kağız pullar ilə edilən əməliyyatları yenidən nəzərdən keçirməlidirlər. Hazırda Çin hakimiyyəti “COVID-19” izləri olma ehtimalı olan kağız pulları dezinfeksiya və məhv edir. ABŞ Federal Ehtiyyatlar Sistemi isə yoluxmuş pulların ölkəyə daxil olmasının qarşısını almaq üçün ehtiyat tədbir olaraq on gün ərzində Asiya və Avropadan daxil olan nağd dollara karantin tətbiq etdi.

Mövcud şəraitdə “Covid-19” pandemiyası rəqəmsal ödənişləri əsas ödəniş üsuluna çevirməyə kömək edəcək mühüm katalizator rolunu oynaya bilər. Nəzərə almaq lazımdır ki, hazırda Avropa ölkələrində (xüsusilə İtaliya və İspaniya) koronavirus pandemiyası daha sürətlə yayılmaqdadır. Bu, fatk artıq rəqəmsal ödənişləri daha da aktual edir. Lakin buna baxmayaraq Avropanın nüfuzlu banklarından biri olan “Deutsche Bankı”-ın cari ilin yanvar ayında apardığı araşdırmaya əsasən, inkişaf etmiş ölkələrdə yaşayan respondentlərin üçdə biri nağd pulu ən çox seçilən ödəniş metodu adlandırıb, yarıdan çoxu isə kağız pulların həmişə istifadədə olacağına inandıqlarını qeyd ediblər. Təbii ki, bu tip dərin köklü vərdişləri sosial sarsıntı yaratmadan dəyişdirmək üçün müəyyən vaxt lazım olacaq. Bununla belə Avropada rəqəmsal ödəmə sektorunda fəaliyyət göstərən hər hansı bir böyük maliyyə və ya texnologiya şirkəti yoxdur. Buna görə də Avropalı istehlakçılar ABŞ-ın PayPal, Apple Pay, Google Pay kimi ödəniş servislərinə etibar etməyə məcburdurlar.

Koronavirus pandemiyasının yayılması və mağazalardakı nağdsız ödəniş formalarının artan populyarlığından əlavə, insanların rəqəmsal ödənişlərə keçmək istəməsinə başqa faktorlar da təsir edir. Deutsche Bank tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, insanların rəqəmsal ödənişlərə keçid qərarına təsir edən və mühüm rol oynayan faktor – rahatlıq amilidir. Rəqəmsal cüzdanlar pulsuzdur və istifadə qaydaları elə də çətin deyil. Bundan əlavə, rəqəmsal ödənişlərə keçid xərcləri izləməyə və büdcənizi idarə etməyə də kömək edir. Təhlükəsizlik baxımından isə nağd puldan imtina etmək vəsaitlərinizin fiziki oğurlanmasının qarşısını alır.

Çindən kənarda mövcud pandemiya böhranı hələ ki, əksər ölkələri nağd pulların dezinfeksiya və ya məhv edilməsinə, həmçinin yenidən çap olunmasına məcbur etməyib. Lakin “Covid-19” hər əsrdə bir dəfə baş verən dəhşətli pandemiyaya çevrilə bilər. Məşhur milyarder Bill Gates “New England Journal of Medicine” jurnalında dərc edilən məqaləsində bununla bağlı xəbərdalıq etmişdi. O, hesab edir ki, yüz ildə bir dəfə yaranan bir pandemiya ilə mübarizə aparmaq üçün yüz ildə bir dəfə verilən qərarlar qəbul etmək lazımdır. Belə qərərlardan biri də rəqəmsal ödənişlərə qaçılmaz keçidi sürətləndirməkdir.

Elnur Quliyev

elnur quliyev
Elnur Quliyev
Son xəbərlər
Digər xəbərlər