12 C
Baku
Tuesday, May 7, 2024

Kağız pulların kölgəsində qalan plastik kartların parlaq gələcəyi

Müəllif:   Zümrüd Oqtayqızı

Nəğdsiz ödəniş nədir?

Nəğdsiz ödəniş – nəğd pulun iştirakı olmadan dəyərin hərəkəti deməkdir. Nəğdsiz ödənişlər çek, kredit kartları və digər kredit alətləri vasitəsilə həyata keçirilir. Nəğdsiz pul dövriyyəsi zamanı bir sıra əməliyyat həyata keçirmək mümkündür. Bu halda hüquqi şəxslər və kredit təşkilatları kredit alınması və qaytarılması ilə bağlı, hüquqi şəxslər və əhali əmək haqqları və qiymətli kağızları üzrə gəlirlərin əldə olunmasına görə əməliyyatları reallaşdıra bilərlər.

Avropada nəğdsiz ödəniş təcrübəsi

Avropada isə nəğdsiz ödənişlərlə bağlı mənzərə fərqlidir. Nəğdsiz ödənişlərdən istifadə dünya ölkələrinin əksəriyyətində adi həyat tərzinə çevrilib. Hər bir vətəndaş əmək haqqlarını kartla alır, ödənişləri də nəğdsiz şəkildə edir. Bununla da Avropa ölkələrinin vətəndaşları artıq pulu cibində gəzdirməyə, ödəniş edərkən pul saymağa ehtiyac duymur. Böyük məbləğdə pulu kiçik bir kartda yerləşdirməklə kifayətlənir. Bu ölkələrin vətəndaşları ölkədən kənara çıxanda da kartların verdiyi geniş imkanlardan yararlanırlar. Türkiyə, Danimarka, Braziliya və bəzi Avropa ölkələrində əməliyyatların 90 faizindən çoxunun nəğdsiz şəkildə aparılması bu ölkələrin vətəndaşlarının nəğd puldan kifayət qədər uzaq düşdüyünü göstərir. Avropanın inkişaf etmiş dövlətləri nəğdsiz dövriyyənin genişləndirilməsi üçün nəğd hesablaşmalara qanunverici qaydada məhdudiyyətlər tətbiq edib. Məsələn, Fransa, Bolqarıstan, Rusiya ölkələrin daxilində aparılan nəğd ödənişlərə maksimal hədlər müəyyən edib. Fransada fiziki şəxslər 3 min avrodan yuxarı bütün ödəmələri nəğdsiz formada aparmadığı təqdirdə şərtin pozulmasına görə 15 min avro cərimə nəzərdə tutulur ki, cərimənin də yarısı alıcıdan, digər hissəsi isə satıcıdan tutulur. Hüquqi şəxslər üzrə bu hədd 1100 avrodur. Bolqarıstanda isə nəğd ödənişlərdə maksimal hədd 3,3 min dollar həcmindədir. İsveçdə il ərzində plastik kartlarla edilən ödənişlərin 2 faizi həcmində əlavə bonus verilir. Macarıstanda Pos-terminalların quraşdırılması üçün 3 il müddətinə subsidiyalar verilir. Qonşu Türkiyədə isə nəğdsiz ödənişlər zamanı bonus sistemi tətbiq edilir.

1394553152_kart2Plastik kartların yolunu kəsən köhnə fikirlər

Azərbaycanda nəğdsiz ödənişlərə marağının az olmasının kökündə nə durur?
Nəğd ödənişə üstünlük verən insanların bir qismi plastik kartlardan istifadəyə alışmadığını və ya ondan istifadə barədə az məlumatlı olduğunu deyir. Bəzi insanlar isə marağın az olmasını nəğdsiz ödəniş sisteminin xırda ticarət obyektlərinin kartla ödənişə hazır olmaması ilə əsaslandırırlar. Onlar hər şeyin xırdalıqdan başladığını düşünürlər.
Müsahiblərdən biri deyir: “Mən kartla ödəniş edildiyini yalnız iri marketlərdə görürəm. Evimizin yanında xırda dükanlardan bazarlıq etmək üçün isə karta ehtiyac olmur. Çünki bu obyektlərdə heç pos-terminallar da yoxdu. O zaman mən kartdan niyə istifadə edim?”.

Digər müsahibimiz isə bildirir: “Mənim üçün nəğd pul daha önəmlidir. Pul kartda olanda və onu cibimdə hiss etməyəndə elə bilirəm ki pulsuz qalmışam. Birdən kartı itirdim bəs onda necə? Belə çıxır ki mən pulsuz qalıram yolda. Amma cibdə pul çox olanda bilirsən ki, ehtiyat pulun həmişə var.”

Ekspertlər də hesab edir ki, ölkədə əhalinin yarısından çoxu nəğd pulu kartlardan daha etibarlı vasitə hesab edir. Təbii psixoloji amilllər də öz təsirini göstərir. Sovet dövründən qalma bir yanaşma: “Kişinin malı göz qabağında olar”. -Bu psixologiyanın təsirində olan bəzi insanlar hələ də pulu cibində, evdə və digər məkanlarda nəğd şəkildə saxlayır.

1394553199_kart3Nəğdsiz ödənişlərə inanmayanlar

Nəğdsiz ödənişlərə psixoloji amillərin təsiri az müşahidə olunsa da, plastik kartlarla ödəniş zamanı yaranan bəzi problemlər daha çox nəzərə çarpır. Bu gün paytaxtın özündə də xidmət və satış obyektlərinin bir qismində pos-terminallar yoxdur. Regionlarda isə tək-tək hallarda rast gəlinir. Ekspertlər hesab edir ki, bu mühit insanların marağını artıra bilməz. Amma ən başlıca problem isə pos-terminalların olduğu bəzi xidmət və satış məntəqələrində işçilərin pos-terminallardan istifadə qaydalarını bilməməsidir. Belə işçilərin ucbatından bəzən kartlardan vəsaitlər silinir və ya hesabdan artıq pul çıxılır ki, bunu da sonrada geri qaytarmaq mümkün olmur. Bu isə birbaşa alıcının cibinə ziyan vurmaqla yanaşı, eyni zamanda nəğdsiz ödənişə etibarını azaldır. Kartların sayının artmasına baxmayaraq, adambaşına düşən kartların sayına görə Azərbaycan inkişaf etmiş ölkələrlə müqayisədə geri qalır. İqtisadçı ekspertimiz Vüqar Bayramlı Amerika Birləşmiş Ştatlarında kartların sayının vətəndaşların sayından 2.5 dəfə çox olduğunu deyir: “Amerika Birləşmiş Ştatlarında hər adama 3 kart düşür. Bu gün Azərbaycanda dövriyyədə 5.5 milyon plastk kart var. Bunların 1.2 milyonu pensiya kartlarıdır. Yerdə qalan 4.3 milyon plastik kart var ki, onlar vətəndaşlar tərəfindən banklardan alınıb. Bunlar əmək haqqı və digər ödənişlərdə istifadə olunmur. Azərbaycanda hər 3 nəfərə 1 kart düşür”. Bununla belə dövlət üçün nəğsdiz ödənişlərin inkişaf etdirilməsi çox vacibdir.

Pullarınızın oğurlanması ehtimalı

Azərbaycanda bu gün prioritet sayılan istiqamətlərdən biri nəğdsiz ödənişlərin artırılmasıdır. Plastik kartlar daha geniş imkanlara malikdir. Nəğdsiz ödəniş sistemindən istifadə istehlakçıları külli miqdarda nəğd pul vəsaitini özü ilə gəzdirmək məsuliyyətindən azad edir, ticarət zamanı əlavə vaxt itkisini aradan qaldırır. Nəğdsiz hesablaşmalar kart vasitəsilə həyata keçirildiyindən, bütün əməliyyatların dəqiq uçotunun aparılması reallaşır, vergiyə cəlb olunan gəlirlərin dəqiq müəyyənləşdirilməsini təmin edir. Nəğdsiz ödənişlər hər şeydən öncə korrupsiyaya qarşı mübarizədir. Nəğdsiz ödəniş sisteminin tətbiqi həm də o deməkdir ki, pullarımız daha etibarlı vasitə olan kartlarda saxlanılır. Nəğd gəzdirdiyimiz pulları itirmək və oğurlatmaq ehtimalımız daha yüksəkdir. Kart itdikdə sahibi müvafiq banka müraciət edib yenisini almaqla pullarını geri qaytarmış olur. Amma nağd pul itdikdə və yaxud oğurlandıqda ondan əlimizi həmişəlik üzməli oluruq. Azərbaycanda nəğdsiz hesablaşmaların dövriyyəsi böyük olmasa da ekspertlər hesab edir ki, nəğdsiz hesablaşmalar zaman tələb edən bir islahatdır. Bunun üçün isə biznesin hazır olmasına, vətəndaşların plastik kartlara öyrəşməsinə ehtiyac var. Son vaxtlar bir sıra bankların tətbiq etdiyi kampaniyalar çərçivəsində kredit kartlardan istifadə edənlərin çoxluğu nəzərə çarpır ki, bu da bankların təqdim etdiyi limitli kredit kartları sayəsində mümkün olur.

Xərclə, pullarını geri al…

Mütəxəssilər nəğdsiz ödənişlərin stimullaşdırılması ilə bağlı Avropa təcrübəsinin tətbiqini vacib sayırlar. Belə olan halda daha çox nəticə əldə etmək mümkün olacaq. Nəğdsiz ödənişlərə tətbiq olunan güzəştlər əhalinin plastik kartlara marağını artıracaq. Ekspert Vüqar Bayramlı nəğdsiz hesablaşmaların stimullaşdırılması ilə bağlı təkliflər paketi hazırlayaraq artıq hökumətə təqdim edib. Yeni təkliflərə əsasən, inkişaf etmiş ölkələrdə, xüsusilə də cənubi-şərqi Asiya ölkələrində olduğu kimi, nəğdsiz ödənişlərə limitlərin müəyyənləşdirilməsi lazım gəlir. Limitlərin müəyyənləşdirilməsi isə çox sadə prosedur olacaq. Yəni qiyməti min manatdan artıq olan məhsullar və xidmətlər yalnız plastik kartla satılacaq. Məsələn, əgər hər hansı bir vətəndaş televizor alırsa və onun qiyməti min manatdan artıqdırsa, o zaman həmin malın nəğd şəkildə alınması qadağan ediləcək. Bu isə imkan verəcək ki, vətəndaşlar vəsaitlərini plastik kartlarda saxlasınlar. Təkliflər sırasında Türkiyə təcrübəsinin tətbiqi də vətəndaşlar üçün sərfəli addım hesab olunur. Məsələn, rüb ərzində vətəndaşların plastik kart vasitəsiylə ödədikləri vəsaitlərin 3 faizi onun hesabına yenidən yatırılmalıdır. Əgər vətəndaş ay ərzində 2-3 manat, rüb ərzində isə 600 manat plastik kart vasitəsiylə alış-veriş edibsə, o zaman həmin vəsaitin, yəni 600 manatının 3 faizi (18 manat) vətəndaşın hesabına yatırılır. Belə olduqda plastik kartın istifadə edilməsi onun ödədiyi vəsaitin bir hissəsinin geri qaytarılmasına imkan verəcək. Bu da öz növbəsində vətəndaşda stimul yaradacaq ki, vətəndaş plastik kartdan istifadə etsin.

Bəzi ekspertlər isə hesab edir ki, nəğdsiz dövriyyə üçün çox vacib şərt bütün əməliyyatların rəsmiləşməsidir. Azərbaycanda dövriyyə obyekti olan bütün subyektlərdə qeyri-rəsmi ödənişlər aradan qaldırılmalıdır. Digər bir tərəfdən vergi intizamı kifayət qədər yüksək olmalıdır, vergi qanunvericiliyi normal işləməlidir ki, heç kim dövriyyədən yayınmağa meyl göstərməsin.

Dövlətin mövqeyi…

Nəğdsiz ödənişlərlə bağlı məsələ Prezident İlham Əliyevin də diqqətindədir. Ölkə başçısı İlham Əliyev Azərbaycanda nəğdsiz ödəmələrin çox aşağı səviyyədə olmasını böyük problem adlandırıb və ölkədə nəğdsiz ödənişlərin genişləndirilməsi barədə konkret tapşırıqlar verib. Dövlət başçısı Prezident nəğdsiz ödəmələrin genişləndirilməsinin həm şəffaflıq, həm də xoşagəlməz halların aradan qaldırılması baxımından vacib olduğunu deyib.

Vergilər Nazirliyi də bu məsələdə aktiv fəaliyyətə keçib. Vergilər naziri Fazil Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, vətəndaşlar işlədiyi yerlərdən əmək haqqının kartla verilməsini tələb etməlidir: “Biznes mühiti də şərait yaratmalıdır ki, işçilərinin əmək haqqları və digər ödənişləri kartla ödənsin. Bunlar vətəndaşlara ödəndikdən sonra birbaşa istehlakçı ilə pərakəndə ticarət arasında gedəcək dövriyyə ancaq vətəndaşlar vasitəsiylə olacaq. Ona görə də vətəndaş aktivliyinə ehtiyac var ”.

Fazil Məmmədov ilin sonuna kimi ölkədə olan bütün obyektlərdə ümumilikdə 90minə yaxın pos-terminalın quraşdırılacağını da bildirib. Artıq bankların hansı obyektdə pos-terminal quraşdıracağı da Vergilər Nazirliyi ilə banklar arasında müəyyən olunub. Məlumat üçün deyək ki, 1 il ərzində ölkə ərazisində 30 mindən yuxarı pos-terminal qraşdırılıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər