2026-cı ilin mart ayı üzrə kakao paxlalarına dair fyuçersin qiyməti Londonun ICE birjasında bir ton üçün 3260 dollardan aşağı olub.
Bu, 29 iyun 2023-cü ildən bəri ilk dəfə baş verib. Bunu ticarət məlumatları göstərir.
Belə ki, Bakı vaxtı ilə saat 14:57-də fyuçersin qiyməti 3259 dollar olub və 5,97% azalıb. Saat 15:25-ə olan məlumata görə isə eniş zəifləyərək 3340 dollar (-3,85%) səviyyəsində qeydə alınıb.
İlin əvvəlindən bəri kakao paxlaları üzrə müqavilənin dəyəri 46,27% azalıb. 2024-cü ilin dekabrında qeydə alınmış rekord göstərici ilə müqayisədə isə qiymət 74,8% düşüb.







