Şokoladın əsas xammalı olan kakao paxlalarının qiymətləri son həftələrdə rekord dərəcədə aşağı düşüb. Hazırda dünya birjalarında bir ton kakao paxlasının qiyməti təxminən 3,25 min dollar təşkil edir, halbuki bir il əvvəl bu göstərici 9,9 min dollar idi.
2024-cü ilin dekabrında qiymətlərin 12 min dollara qədər yüksəldiyi pik səviyyə ilə müqayisədə isə kakao paxlaları hazırda 3,6 dəfə ucuzlaşıb.
Ekspertlər qiymətlərin enməsini bir neçə amillə izah edirlər. Birincisi, dünya bazarında kakao paxlasının əsas tədarükçülərindən olan Qərbi Afrikada əlverişli hava şəraitidir. Bundan əlavə, bol məhsul 2025–2026-cı illərdə kakao çatışmazlığı gözləyən bir çox analitiki təəccübləndirib və onları proqnozlarını kəskin şəkildə yenidən nəzərdən keçirməyə məcbur edib. Bu da, əsasən fyuçers müqavilələri üzrə qiymətlərin sürətlə aşağı düşməsinə səbəb olur. Həmçinin qiymətlərin pikdə olduğu dövrdə bir çox istehsalçı defisit şəraitinə uyğunlaşaraq bəzi məhsullarda kakao tərkibini azaltmağa başlayıb ki, bu da qlobal miqyasda kakao tələbatının azalmasına gətirib çıxarıb.
Bununla belə, bir çox ölkədə kakao paxlalarının ucuzlaşması hələ ki, şokolad məhsullarının qiymətlərinin eyni dərəcədə azalmasına səbəb olmur. ABŞ-də bir çox istehlakçı və pərakəndə satış şəbəkələri istehsalçıların yüksək qiymətlərindən şikayət edir. Ekspertlərin fikrincə, bu vəziyyət daha yüksək qiymətlərlə bağlanmış uzunmüddətli tədarük müqavilələri ilə, həmçinin bəzi istehsalçıların qiymətləri qorumaq üçün məhsullardakı şokolad miqdarını azaltması və indi əlavə xərclər səbəbilə reseptlərə yenidən dəyişiklik etməyə tələsməməsi ilə bağlıdır.







