6. Səndən yuxarıda duran adam üzərində qələbədən çəkin. Qələbə kin, ədavət oyatmaq deməkdir. Öz ağana qalib gəlmək isə ağılsızlıqdır, bəzən isə təhlükəlidir. Üstünlüyünü nümayiş etdirmək hamıda, xüsusən zatilərdə nifrət yaradır. Gözəlliyi səliqəsiz geyimlə gizlətmək olduğu kimi, cəhd göstərsən öz üstünlüyünü də gizlədə bilərsən. Çoxları xüsusən də, başçılar ağıldan başqa hər hansı qabiliyyətdə başqalarına güzəştə gedə bilərlər, çünki ağıl bütün qabiliyyətlərin üzərində hökmranlıq edir. Ona azacıq da olsa toxunmaq- bu, böyükləri təhqir etmək deməkdir. Yüksək mərtəbədə duran, elə həmin mərtəbədə də hökmranlıq etmək istəyir. Bu zatlar köməyi qəbul edirlər, üstünlüyü isə yox.
Onlar istərlər ki, verilən məsləhət yalnız unutduqları nəyi isə yada salmaq məqsədi daşısın, daha başa düşmədikləri bir şey haqqında izahat olmasın. Əyani misal olaraq ulduzları göstərmək olar. Günəşin bu nurlu övladları heç vaxt onun şöləsinin qabağını kəsməyə cəsarət etmirlər.
7. Öz nəfsinin ağası olmaq- yüksək ruha xas olan xüsusiyyətdir. Bu yüksəklik ruhu yabancı, alçaq təsirlərdən qoruyur. Özün, öz nəfsin üzərində hakimiyyətdən və ehtiraslarının özbaşnalığı üzərində qələbədən yüksək hakimiyyət yoxdur. Nəfsini cilovlaya bilməyəni mənsəbə, xüsusən də yüksək mənsəbə yaxın buraxmaq olmaz; məyusluqdan qaçmağın ən layiqli üsulu, şöhrət qazanmağın ən qısa yolu budur.
8. Həmvətənlərinə xas olan nöqsanlardan yaxa qurtar. Su öz keyfiyyətlərini sızıb keçdiyi torpaqdan götürdüyü kimi, insan da yaxşı və pis cəhətlərini doğulduğu diyardan götürür. Göylərin daha iltifatlı olduğu torpaqda doğulanlar vətənə daha çox borcludurlar. Hətta ən mədəni xalqın da təbii nöqsanları olur. Qonşuları bu barədə ya istehza, ya da bədxahlıqla danışırlar. Bu nöqsanları aradan qaldırmaq və ya onları ört-basdır etmək az məharət tələb etmir. Belə adam həmyurdları arasında istisna kimi şöhrət qazanır- nadir şey qiymətli olur. Bundan başqa soyadla, təbəqə, vəzifə və yaşla bağlı nöqsanlar da olur. Əgər bütün bunlar
bir adamda cəmləşərsə və o, bunlardan yaxa qurtarmağa can atmazsa, həmin şəxs
dözülməzdir.
9. Xoşbəxtlik və şöhrət. Birinci nə qədər dəyişkəndirsə, ikinci bir o qədər daimidir. Birinci həyat, ikinci əbədiyyət üçündür. Birinci həsədə, ikinci isə unudulmağa qalib gəlir. Xoşbəxtliyi arzulayanlar, hərdən ona nail də olurlar, şöhrət isə qazanılır. Şan-şöhrət qazanmaq istəyəni şücayət doğurur. Şan-şöhrət həmişənəhəng şəxsiyyətlərin sirdaşı olub və olacaq, o, ifratların yoldaşıdır; ecaskar və ya əcaib olur; valeh edir və ya nifrət yaradır.
10. Nə isə öyrənə bildiyin adamlarla ünsiyyətdə olmaq. Qoy dostlarınla ünsiyyət sənin üçün idrak məktəbi, söhbət isə qeyri-adi xoş bir dərs olsun. Dostlarına müəllim kimi bax, dərsdən aldığın faydanı söhbətdən aldığın ləzzətlə tamamla. Ağıllı adamların dostluğu qarşılıqlı sərfəlidir. Danışan dinləyənin tərəfindən faydalanır, dinləyənin isə biliyi artır. Adətən biz bunu unuduruq, çünki şöhrətpərəstliyimiz buna mane olur. Ağıllı adamlar ad-san sahiblərini ziyarət edirlər. Belələrinin evi şücaətin nümayiş meydanıdır, daha fanilərin məskəni deyil. Ziyalı ağalar yalnız özləri və sözləri ilə əzəmətlilik nümunəsi göstərmirlər, həm də onları əhatə edən adamlar da gözəl və zərif xasiyyət, davranış məktəbi yaradırlar.
11. Təbiət və incəsənət, material və yaradıcılıq. Hətta gözəlliyin də köməyə ehtiyyacı var-zinət tələb edir. Zinətlənməyən gözəllik gözdən düşür, eybəcərliyə çevrilir. İncəsənət gözəlliyin nöqsan və qüsurlarını aradan qaldırır, onun yaxşı cəhətlərini daha parlaq nümayiş etdirir. Təbiət sizi taleyin girdabına atanda incəsənətə sığının! Hətta ən gözəl insan onsuz kamil deyil. Mədəniyyəti olmayan şəxsin ləyaqəti də yarımçıqdır. Yaxşı məktəb keçməyən adam yonulmamış olur və kobudluğu ilə seçilir. Belə adam özünü cilalamalıdır.