Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Kanadanın Alberta əyalətinin Ponoka rayonunda süngərvari ensefalopatiya, Fələstin Dövlətinin Qəza əyalətində dabaq, Danimarka Krallığının Midtilənd bölgəsində, Polşa Respublikasının Kuyavsk-Pomorsk inzibati ərazisində, Niderland Krallığının Overeysel əyalətində, İngiltərənin Cənub-Şərqi İngiltərə regionunda və Şimali İrlandiyanın Armah, Banbridc-Kraiqavan dairəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Banker.az Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Kanadanın Alberta əyalətinin Ponoka rayonundan bütün növ diri iribuynuzlu kənd təsərrüfatı heyvanları və onlara aid məhsulların, o cümlədən genetik materialların, tərkibinə heyvan mənşəli zülal və sümük unu əlavə olunan yemlərin, Fələstin Dövlətinin Qəza əyalətindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına, o cümlədən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Danimarka Krallığının Midtilənd bölgəsindən, Polşa Respublikasının Kuyavsk-Pomorsk inzibati ərazisindən, Niderland Krallığının Overeysel əyalətindən, İngiltərənin Cənub-Şərqi İngiltərə regionundan və Şimali İrlandiyanın Armah, Banbridc-Kraiqavan dairəsindən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən və emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan Respublikasının ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Kanadadan, Fələstin Dövlətindən, Danimarka Krallığından, Polşa Respublikasından, Niderland Krallığından, İngiltərədən və Şimali İrlandiyadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.