Kanada “DXR” və “LXR” adlanan separatçı qurumların müstəqilliyinin tanınması ilə əlaqədar Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edəcək.
Bu barədə Kanadanın xarici işlər naziri Melani Coli deyib:
“Kanada tərəfdaşları və müttəfiqləri ilə birlikdə beynəlxalq hüquqa bu açıq-aşkar etinasızlığa sərt cavab verəcək.
Biz Rusiyanın Ukraynaya növbəti hərbi müdaxiləsinə cavab vermək üçün əvvəllər hazırlananlardan fərqli olacaq iqtisadi sanksiyalar tətbiq etməyə hazırlaşırıq”, – deyə Coli bildirib.
Onun sözlərinə görə, Kanada Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməkdə israrlıdır.
“Kanada prezident Putinin qərarını qətiyyətlə pisləyir. Bu, Minsk razılaşmalarının, BMT Nizamnaməsinin açıq-aşkar pozulması, o cümlədən regionun təhlükəsizliyi və sabitliyinə ciddi təhdiddir”, – deyə nazir bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden Rusiya tərəfindən “respublikaların” tanınması ilə əlaqədar “LDXR”ə qarşı sanksiyaların tətbiqi haqqında fərman imzalayıb .
Böyük Britaniya hökuməti də Rusiyaya qarşı sanksiyalar paketi hazırlayıb.
Yaponiya isə sanksiyalar çərçivəsində Rusiyaya qabaqcıl texnologiyaların ixracını məhdudlaşdırmağı planlaşdırır.