2024-cü ildə Kanadaya müvəqqəti miqrasiya rekord həddə çatıb və əhalinin ümumi sayının 7,5%-ni təşkil edib ki, bu da 2018-ci illə müqayisədə iki dəfə çoxdur. Ölkənin İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq Nazirliyi müvəqqəti sakinlərin, o cümlədən xarici tələbələrin payını 2027-ci ilə qədər ən azı 5%-ə endirməyi planlaşdırır. Bu siyasət universitet dairələrində ciddi narahatlığa səbəb olub.
Kanada ikinci ildir ardıcıl olaraq xarici tələbələrin sayını məhdudlaşdırır — məqsəd, gəlmələrin mənzil bazarına, səhiyyə sisteminə və digər iqtisadi sahələrə göstərdiyi təzyiqi azaltmaqdır. 2025-ci ilin əvvəlində təhsil icazələrinin limiti 437 min müəyyən edilib — bu, ötən ildən 10% azdır. Qeyd edək ki, 2025-ci ilin ilk yarısında Kanadaya gələn xarici tələbələrin sayı 2024-cü illə müqayisədə 60% azalıb.
Buna baxmayaraq, Kanada parlament üzvləri yeni bir təşəbbüs irəli sürüblər. Kanadanın İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq naziri Lena Diab sərt tədbirləri təhsil vizaları ilə bağlı artan fırıldaqlarla izah edib.
Kanada universitetlərinin nümayəndələri bildirirlər ki, tələbə vizalarının azaldılması və mövcud icazələrin ləğvi ölkənin xaricdən tələbə cəlb etmək sisteminə zərbə vuracaq. Bundan başqa, xarici tələbələrin sayının kəskin azalması “demoqrafik boşluq”a səbəb ola bilər, yəni auditoriyalarda tələbə çatışmazlığı yaranacaq, çünki məzun olanların sayı yeni gələnləri xeyli üstələyəcək.
Bununla belə, yeni büdcə layihəsində təhsilin dəstəklənməsi ilə bağlı bir sıra tədbirlər də nəzərdə tutulur. Xüsusilə, hökumət 13 il ərzində 1,7 milyard Kanada dolları (təxminən 1,2 milyard ABŞ dolları) ayıraraq xarici tədqiqatçıları, doktorantları və gənc alimləri ölkəyə cəlb etməyi planlaşdırır.
Bundan əlavə, ABŞ-nin H-1B vizasına malik mütəxəssislər üçün təhsil icazələrinin sürətlə verilməsi proseduru tətbiq oluna bilər. Bu kateqoriyaya mühəndislər, memarlar və proqramçılar daxildir.
Kanada universitetləri istedadlı əcnəbilərin dəstəklənməsi istiqamətindəki bu addımları alqışlasalar da, yeni təşəbbüslərlə tələbə vizalarının azaldılması arasındakı açıq ziddiyyəti vurğulayırlar.







