Kanada hökuməti bildirib ki, “TikTok” platforması ölkədə fəaliyyətini davam etdirə və investisiyalar həyata keçirə bilər. Bu barədə “Reuters” məlumat yayıb. Qərar şirkətin Kanada bölməsinin üzərinə götürdüyü yeni hüquqi öhdəliklərlə əlaqədardır.
Kanada hökumətinin açıqlamasına görə, platforma kanadalıların şəxsi məlumatlarının qorunmasını gücləndirəcək və yetkinlik yaşına çatmayan istifadəçilər üçün əlavə təhlükəsizlik tədbirləri tətbiq edəcək. Bundan əlavə, məlumatlara çıxışa nəzarət mexanizmlərinin auditini və daimi yoxlanmasını həyata keçirmək üçün şirkətə müstəqil xarici müşahidəçi təyin olunacaq.
Kanada hakimiyyəti platformaya qarşı tədbirlərə 2024-cü ilin noyabrında başlayıb. Həmin vaxt ölkənin sənaye nazirliyi milli təhlükəsizlik risklərini əsas gətirərək “TikTok”un fəaliyyətinin dayandırılmasını tələb etmişdi.
Ölkə hakimiyyətinin narahatlığı platformanın Çinin “ByteDance” şirkətinə məxsus olması ilə bağlı idi. Bəzi xüsusi xidmət orqanlarının fikrincə, bu səbəbdən tətbiq istifadəçilər üzərində casusluq üçün istifadə oluna bilər. “Reuters” qeyd edir ki, yanvar ayında Kanada federal məhkəməsi hökumətin qərarını ləğv edib, qısa videolar üçün nəzərdə tutulmuş tətbiqin fəaliyyətini davam etdirməsinə icazə verib və Ottavaya işi yenidən nəzərdən keçirməyi tapşırıb.






