Kanada hökuməti rəqəmsal xidmətlər vergisini (DST) ləğv edəcək. Buna səbəb ABŞ ilə ticarət sazişinin gözlənilməsidir, bu barədə Kanada hökumətinin saytında bildirilir.
Açıqlamaya görə, Kanadanın Baş naziri Mark Karni və ABŞ prezidenti Donald Tramp iyulun 21-dək ticarət razılaşması üzrə danışıqları bərpa edəcəkləri barədə razılığa gəliblər.
2020-ci ildə Kanada ölkədə fəaliyyət göstərən texnoloji şirkətlərin kanadalı istifadəçilərdən gələn gəlirə vergi ödəməməsi problemini həll etmək üçün DST-ni işə salıb. Kanada rəqəmsal xidmətlərin vergiyə cəlb edilməsinə dair çoxtərəfli sazişə üstünlük versə də, beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ ilə birgə əməkdaşlıq etsə də, DST bu vergi boşluğunu aradan qaldırmaq üçün müvəqqəti tədbir kimi qəbul edilmişdir.