Kanada “Volkswagen” şirkətini ətraf mühitin qorunmasına dair qanunu pozmaqda ittiham edib

Kanada hökuməti Almaniyanın avtomobil istehsalçısı olan “Volkswagen” şirkətini ətraf mühitin qorunmasına dair qanunun 60 bəndini pozmaqda ittiham edib.

“2019-cu ilin dekabrın 9-da “Volkswagen Aktiengesellschaft” şirkəti Kanadanın ətraf mühitin qorunmasına dair 1999-cu ildə qəbul etdiyi qanunu pozmaqda ittiham edilib”, – Kanada hökumətinin saytında bildirilir.

Kanadanın hakimiyyət orqanları konsernin 2008-2015-ci illərdə ölkəyə ətraf mühitin qorunmasına dair imzalanmış qanunun müəyyən etdiyi standartlara cavab verməyən 128 min minik avtomobilini gətirdiyini güman edir.

Məhkəmə prosesi dekabrın 13-də, Ontario əyalətinin məhkəməsində həyata keçiriləcək.

Qeyd edək ki, “dizelqeyt” çərçivəsində məhkəmələr bir neçə ölkədə, o cümlədən ABŞ, İngiltərə və Avstraliyada davam edir. 2015-ci ildə “Volkswagen” buraxdığı 11 milyon avtomobilin ekoloji test məlumatlarını manipulyasiya etməyə imkan verən proqram təminatı ilə təchiz edildiyini boynuna almışdır.

 

Son xəbərlər
Digər xəbərlər