Kanadanın “Zenith Energy Ltd.” şirkəti Azərbaycanın quruda yerləşən “Muradxanlı-Cəfərli-Zərdab” yataqlar blokunda quyuların qazılması üçün 2 mln. 250,2 min avro dəyərində qazma qurğusu alıb. Bu barədə şirkətin məlumatında deyilir.
“”Zena Drilling Limited” neft-servis şirkəti (“Zena” “Zenith Energy Ltd.”-nin törəmə müəssisəsidir – İF-Az) “B Robotics W Srl” şirkəti ilə “BD-260” qazma qurğusunun alınması haqqında müqavilə bağlayıb. Müqavilənin dəyəri 2 mln. 250,2 min avrodur. Qurğunun alınmasında məqsəd növbəti 18 ay ərzində “Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqlarında qazma əməliyyatlarının başa çatdırılmasından ibarətdir”, – deyə məlumatda qeyd olunur.
Yeni saziş 2018-ci ilin iyun ayında “Zena və “Robotics” şirkətləri arasında bağlanmış “BD-260” qazma qurğusunun 6 ay müddətinə icarəsinə dair sazişi əvəz edəcək.
Yeni müqaviləyə uyğun olaraq “Robotics” şirkəti, həmçinin ən azı 6 ay müddətində qazma üzrə yüksək ixtisaslı işçi heyəti də təqdim edəcək.
““BD-260” qazma qurğusunun alınması “Zenith” şirkətinin aktiv portfelinin uzunmüddətli inkişafı üçün lazım olan əsas avadanlığın alınması üzrə strategiyasını əks etdirir. Bu, istismar xərclərini əhəmiyyətli dərəcədə azaldacaq və Azərbaycanda neft hasilatının artırılmasına yönəlmiş fəaliyyət proqramımızın müəyyən edilməsində çevikliyi təmin edəcək», – deyə “Zenith Energy Ltd.” şirkətinin baş icraçı direktoru Andrea Kattaneo bildirib.
Məlumata görə, şirkət tərəfindən “Muradxanlı-Cəfərli-Zərdab” yataqlar blokundan sutkada 0,3 min barel neft hasil olunur, bu ilin sonunadək hasilatın 1 min barelə çatdırılması planlaşdırılır.