Birləşmə müqaviləsi 18 aprel tarixində Kanadanın “Canopy Growth Corp.” şirkəti və ABŞ-ın “Acreage Holdings” kannabis istehsalçısı tərəfindən imzalanıb. Müvafiq məlumat “Canopy Growth” şirkətinin rəsmi saytında yerləşdirilib.
Banker.az xəbər verir ki, müqavilənin şərtlərinə əsasən, Kanadanın marixuana istehsalçısı, ABŞ-da marixuananın istehsalı və satışı federal səviyyədə qanuniləşdirldikdən dərhal sonra Amerikan şirkətinin səhm paketini 3,4 milyard dollara satın ala bilər. Hazırda “Canopy Growth” 300 milyon dollar məbləğində ilkin ödəniş verib. Plana görə, bu müqavilə Kanadanın holdinq şirkətinin ABŞ bazarına doğru vaxtında girməsini təmin edəcək.
Birləşmə haqqında xəbərlərin yayılması, səhmlərin kəskin artmasına gətirib çıxarıb – 8% “Canopy Growth” və 14.27%. “Acreage” .
Xatırladaq ki, marixuana bazarı 2018-ci ildə kəskin artım göstərərək, dünyanın aparıcı sahələrinin birinə çevrilmişdir.
Son illərdə marixuananın yetişdirilməsini qanuniləşdirən ölkələrin sayı artmaqdadır. Analitiklərin verdiyi məlumatlara görə, marixuananın leqal bazarı ildə7,7 milyard dollar dəyərində qiymətləndirilir.
Ekspertlərin proqnozlarına görə, illik artım 60% təşkil edəcək, bu da 2021-ci ilə qədər həcmin 31 milyard dollara qədər artmasına gətirib çıxaracaq. Marixuananın iri istehsalçıları öz səhmlərini fond birjalarında yerləşdirməyə artıq başlayıblar.