“Kapital Bank” 2024-cü il ərzində ümumilikdə 1 milyard 475 milyon manat gəlirə qarşı 186.5 milyon manat xalis mənfəət əldə edib.
Banker.az bunu Bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.
Bu da 2023-cü ilin müvafiq dövründə əldə olunan 242.2 milyon manat mənfəətlə müqayisədə 23% azalmaya işarə edir.
2024-cü ildə faiz gəlirləri ümumilikdə 850.3 milyon manat təşkil edib, bu isə 2023-cü ildəki 703.7 milyon manatdan 20.8% daha çoxdur. Bu artım əsasən müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərinin 702.1 milyon manata çatması ilə bağlı olub (2023-cü ildə 537.1 milyon manat).
Faiz xərcləri 2024-cü ildə 229.3 milyon manat olub və ötən ilin müvafiq göstəricisi ilə (115.6 milyon manat) müqayisədə 98.3% artıb. Əsas artım depozitlər üzrə faiz xərcləri ilə bağlı olub – 166.3 milyon manat (2023-cü ildə 80.4 milyon manat).
Qeyri-faiz gəlirləri 2024-cü ildə 624.7 milyon manat təşkil edib, bu da ötən ilin müvafiq dövründəki 476.7 milyon manatdan 31% daha çoxdur. Haqq və komissiya gəlirlərində artım əsas rol oynayıb (562.5 milyon manat, 2023-cü ildə 421.8 milyon manat).
2024-cü ilin qeyri-faiz xərcləri 817.3 milyon manat olub, bu da ötən ilin 644 milyon manatlıq göstəricisindən 26.9% yüksəkdir. Əmək haqqı və digər kompensasiya növləri üzrə xərclər bu artımın əsas səbəbi olub (255.9 milyon manat, 2023-cü ildə 208.7 milyon manat).
Bankın əməliyyat mənfəəti 2024-cü ildə 420.4 milyon manat olub, bu göstərici ötən il ilə müqayisədə sabit qalıb (417.1 milyon manat). Bununla belə, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar 159.1 milyon manata yüksəlib (2023-cü ildə 104.7 milyon manat). Mənfəət vergisi isə 2024-cü ildə 74.8 milyon manat təşkil edib. Bu, 2023-cü ildə 70.2 milyon manat idi.
Bununla da, 1 yanvar 2025-ci il tarixinə bankın kapitalındakı bölüşdürülməmiş mənfəətin həcmi 599.3 milyon manat təşkil edib.