“Kapital Bank” ASC 2025-ci ilin ilk yarısındakı xalis mənfəəti 24.3% artaraq 153.97 milyon manata çatıb. 2024-cü ilin analoji dövründə bank 123.92 mln. manat xalis mənfəət əldə etmişdi.
Banker.az bu barədə Bankın ilin ilk iki rübü üzrə maliyyə hesabatına istinadən xəbər verir.
Faiz gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 43.5% artaraq 561.6 milyon manata yüksəlib. Bu gəlirlərin əsas hissəsi – 445.6 milyon manatı müştərilərə verilmiş kreditlərdən əldə olunub. Burada da artım tempi yüksəkdir – ötən illə müqayisədə 38%-lik artım müşahidə olunur. Bununla yanaşı, ticarət və investisiya qiymətli kağızlarından gəlirlər də iki dəfədən çox artaraq 96.4 milyon manata çatıb.
Kommersiya bankının faiz xərcləri də artmaqda davam edib – bu göstərici 92.6 milyon manatdan 184.9 milyon manata yüksəlib. Xərclərin böyük hissəsi depozitlər üzrə faizlərə aiddir. Bank həmçinin cəlb etdiyi kreditlər və buraxdığı qiymətli kağızlar üzrə faiz ödənişlərini artırıb. Yeri gəlmişkən, ötən monetar siyasətdəki sərtləşmə bütün iri banklar üçün depozitləri bahalaşdırmalı olub.
Qeyri-faiz gəlirləri 13%-lik artımla 311.4 milyon manat təşkil edib. Burada əsas pay bankın komissiya xidmətlərindən əldə etdiyi gəlirlərə məxsusdur – bu mənbədən gəlirlər 280.3 milyon manata qədər artıb.
Qeyri-faiz xərcləri isə 23.7% artaraq 446.9 milyon manata çatıb. Əmək haqqı və digər işçi xərcləri ilə yanaşı, bankın digər əməliyyat və inzibati xərcləri də artıb. Buna baxmayaraq, əməliyyat mənfəəti ötən ilə nisbətən 14.1% artaraq 234.9 milyon manat olub.
KREDİT PORTFELİ BÖYÜMƏKDƏDİR…
“Kapital Bank”ın müştərilərə verdiyi kreditlərin həcmi 12.3% artaraq 5.37 milyard manata çatıb. Portfelin əsas hissəsi – 3.05 milyard manat – istehlak kreditlərinin payına düşür. Biznes kreditləri 1.72 milyard manat, daşınmaz əmlak kreditləri isə 602.6 milyon manat olub. Problemli kreditlər üçün yaradılmış məqsədli ehtiyat isə 619.2 milyon manat olub, bu da illik müqayisədə 22% artım deməkdir.
Aktivlər ümumilikdə 27%-ə yaxın artaraq 12.7 milyard manata yüksəlib. Əsas artım ticarət və investisiya kağızlarında, eləcə də kredit portfelində müşahidə olunub. Depozitlər 24.6% artaraq 9.48 milyard manata çatıb. Depozitlərin 3.08 milyard manatı fiziki şəxslərə, 6.4 milyard manatı isə hüquqi şəxslərə məxsusdur.
Bankın cəmi kapitalı da artaraq 1.11 milyard manata çatıb.