Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik olan “Kapital Bank” ASC 2021-ci ilin ilk 6 ayı ərzində 100 mln. manata yaxın xalis mənfəət əldə edib.
Banker.az xəbər verir ki, cari ilin ilk yarım ilində bank 226.77 mln. manat faiz gəliri əldə edib. Bu da illik müqayisədə 5.1% artım deməkdir. Faiz gəlirlərinin 183.44 milyon manatı müştərilərə verilən kreditlər üzrə faiz gəlirləri, 30.76 milyon manatı isə qiymətli kağızlardan gələn gəlirlər təşkil etmişdir.
Bankın faiz xərclərinin həcmi 31.74 milyon manat, qeyri-faiz gəlirlərinin həcmi 137 milyon manat, qeyri-faiz xərclərinin həcmi 151.72 milyon manat olmuşdur.
Bu da “Kapital Bank”ın əməliyyat mənfəətinin 180.32 mln. manat olması deməkdir.
Bankın 53.52 mln. manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmasından sonra vergiyəqədərki mənfəəti 126.8 mln. manat olmuş, buradan da 20.37 mln. manat mənfəət vergisi xərci olmuşdur.
Beləliklə, ilin ilk yarısında 99.77 mln. manat xalis mənfəət əldə etmişdir. Öncəki ildə bu rəqəm 170.56 mln. manat idi.
Bu xalis mənfəətdən sonra bankın bölüşdürülməmiş mənfəəti 282.85 mln. manata yüksəlmişdir.