Müsahibiniz “Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü, Bankın baş maliyyə inzibatçısı Roksana Əfəndiyeva
Qısa tərcümeyi-hal
Əfəndiyeva Roksana Vaqif qızı 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini bakalavr, 2006-cı ildə isə magistratura pilləsi üzrə fərqlənmə diplomu ilə bitirmiş, iqtisadiyyat və idarəetmə ali peşə istiqaməti üzrə magistr dərəcəsi almışdır. “Deloitte CIS” təşkilatının Moskva nümayəndəliyinin Audit departamentində assistent (2003), “Deloitte & Touche” MMC-də auditor (2003-2006), “BP Exploration (Caspian Sea)” LTD-də ödənişli hesab göstəriciləri üzrə analitik (2006-2007), “KPMG Azerbaijan Limited” şirkətinin nümayəndəliyində 1-ci dərəcəli baş auditor, 2-ci dərəcəli baş auditor (2008-2009), “Baker Tilly Azerbaijan” MMC-də audit üzrə menecer (2008-2009) vəzifələrində çalışmış, “KredAqro” Bank olmayan Kredit Təşkilatında Maliyyə departamentinin rəhbəri (2009-2011) və İdarə Heyətinin üzvü olmuşdur.
20 iyun 2011-ci il tarixində “Kapital Bank” ASC-nin baş maliyyə inzibatçısı vəzifəsinə təyin edilmiş və İdarə Heyətinin üzvü seçilmişdir.
2012-ci ildə Kapital Bankın fəaliyyətində baş verən hansı yenilik Bank üçün xüsusilə əlamətdar oldu?
Konkret strateji məqsədlərə malik hər bir biznes qurumu kimi, Kapital Bankın da həyatında ötən il bir sıra əhəmiyyətli yeniliklərlə zəngin sayıla bilər. Bu yeniliklər həm fəaliyyətin təkmilləşdirilməsi, həm müştərilərə yeni məhsul və xidmətlərin təqdim olunması, həm də Bankın əsas fəaliyyət göstəricilərində özünü göstərən bir sıra ciddi artımlarla əlaqədardır.
Amma əgər söhbət ən əhəmiyyətli yenilikdən gedirsə, fikrimizcə, bu, “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 mart 2012-ci il tarixli Fərmanına uyğun olaraq, Kapital Bankın bu prosesdə müvəkkil bank kimi iştirakından ibarət idi. Bank 1 iyun 2012-ci il tarixindən etibarən bu genişmiqyaslı və çətin bir prosesi uğurla həyata keçirdi.
Azərbaycanın ən böyük banklarından olan Kapital Bankın inkişaf kursunda, məsələn, həyata keçirilən kredit siyasətində hər hansı dəyişikliklər gözləniləndirmi?
Kapital Bank qəbul edilmiş konkret kredit siyasətinə malikdir. Bu siyasət real vəziyyətdən irəli gələn bir sıra prinsiplərə əsaslanır. Maliyyə bazarındakı inkişaf proseslərindən asılı olaraq bu siyasətdə, əlbəttə, müəyyən dəyişikliklər baş verə bilər. Çünki xidmət etdiyi bazar sektorunun xüsusiyyətləri Kapital Bank üçün çox mühümdür.
Bank hazırda ölkə iqtisadiyyatının yaxşı inkişaf tempinə malik – istehsalat, emal, tikinti, energetika və rabitə sahələrinə iri həcmli kreditlər verir.
Öz aktivlərinin iqtisadiyyatın müxtəlif sahələrində optimal həcmdə yerləşdirilməsinə çalışır. Növbəti illərdə də Kapital Bank respublikamız üçün böyük əhəmiyyətə malik neft-qaz hasilatı və emalı, kimya sənayesi müəssisələrinin, neft-qaz sənayesi üzrə xidmət sahələrinin, maşınqayırma, metallurgiya, telekommunikasiya, tikinti kompleksi, nəqliyyat, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan müəssisələrin kreditləşməsinə xüsusi diqqət yetirəcək.
Bütün bunlarla yanaşı, təbii ki, mövcud kredit siyasətinə uyğun digər sahələrin kreditləşdirilməsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin fəaliyyətinin dəstəklənməsi də davam etdiriləcək.
Böyük müştərilərin iri həcmli kreditlərə olan ehtiyacını təmin etmək məqsədilə Bank kapitalın həcminin artırılmasına da mühüm önəm verir. 2012-ci ildə Bankın nizamnamə kapitalının həcmi 50 milyon manata çatdırıldı. Bu siyasət, yəqin ki, gələcəkdə də davam etdiriləcək.
Hesabatlılıq sisteminin təkmilləşdirilməsi məqsədilə bank daxilində beynəlxalq mühasibat uçotu standartlarının tətbiqi istiqamətində hansı addımlar atılır?
Ümumiyyətlə, mühasibat uçotu standartlarının təkmilləşdirilməsi istənilən ölkədə yeni bir inkişaf mərhələsinin başlanğıcı hesab edilir. Təbii ki, ölkənin aparıcı maliyyə institutlarından biri kimi Kapital Bank da bu prosesdən kənarda qala bilməz. Yeni standartlar investisiyaların cəlb edilməsi üçün əsas vasitələrdən sayılır. Bu standartlar bazara girişi sadələşdirir, kapitalın artırılmasına çəkilən xərclərin azaldılmasına, işin səmərəliliyinin, şəffaflığının artırılmasına xidmət göstərir.
Eyni zamanda, bu standartlar, işçilərdən yeni bacarıq və iş vərdişləri tələb edir. Bunu nəzərə alaraq, hazırda Kapital Bank əməkdaşlarının yeni standartlarla iş vərdişlərinə yiyələnmələri məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Əməkdaşlar üçün təlimlər təşkil edilir, onların xarici ölkələrin tədris mərkəzlərində hazırlıq keçmələri təmin olunur. Beynəlxalq mühasibat standartları ilə iş sahəsində müəyyən təcrübəyə malik yeni kadrlar da işə cəlb olunur. Ümid edirəm ki, bu standartların tətbiqi Kapital Bankın fəaliyyət tarixində də yeni bir inkişaf mərhələsinə çevriləcək.
Bildiyimiz kimi, Mərkəzi Bank hesablar planının yeni variantını təqdim etdi. Necə düşünürsünüz, hazırda bank işində buna ehtiyac vardımı? Bu ehtiyac nədən qaynaqlanırdı?
Hesablar planının 1 yanvar 2013-cü il tarixinə qədər tətbiq edilən əvvəlki variantının qəbulundan uzun müddət vaxt keçir. Bu dövr ərzində Azərbaycanın bank-maliyyə sektorunda əsaslı inkişaf prosesləri baş verib. Beynəlxalq maliyyə bazarlarına inteqrasiya meylləri güclənib. Təbii ki, bu da kommersiya banklarında maliyyə uçotu və hesabatlıq sisteminin günün tələblərinə uyğunlaşdırılmasını zərurətə çevirirdi. Azərbaycan
Respublikası Mərkəzi Bankının hazırladığı “Azərbaycan Respublikasının bank sistemi üçün Hesablar Planı və onun tətbiqinə dair Göstərişlər” də elə bu zərurətə əsaslanır.
Ölkəmizin bank sistemində mühasibat uçotunun ən qabaqcıl praktikaya uyğun təkmilləşdirilməsi məqsədilə Mərkəzi Bankın həyata keçirdiyi davamlı tədbirlərin tərkib hissəsi olan bu yenilik maliyyə hesabatlarının və bank statistikasının dərinliyinin və əhatəliliyinin artmasına imkan verəcək. Bu da, öz növbəsində, monetar və maliyyə təhlilləri üçün imkanları genişləndirəcək.
Dünyada maliyyə böhranının səngidiyi bir dövrdə Bazel III prinsiplərinin qəbulu məsələsi aktuallaşmışdır. Azərbaycan isə hələ ki, Bazel I-i tətbiq edir.
Bir maliyyəçi kimi necə düşünürsünüz, hazırda Azərbaycan banklarının Bazel II-ə keçməsi lazımdırmı? Yoxsa ölkənin bank sektorunun inkişafını stimullaşdırmaq üçün hələ ki Bazel I-in tətbiqi daha məqsədəuyğundur?
Hesab edirəm ki, Bazel II və Bazel III standartlarına keçid təbii inkişaf qanunauyğunluğudur, yaxın gələcəkdə Azərbaycanda da belə bir keçid prosesinə şahid olacağıq. Sadəcə, bu addımı reallaşdırmaqdan ötrü lazımi şəraitin formalaşmasına ehtiyac vardı və ölkəmizdə artıq bu standartlara keçid üçün əlverişli şərait yaranmaqdadır.
Bildiyiniz kimi, Bank nəzarəti üzrə Bazel Komitəsi Basel III adlanan standartların tətbiqini 4 il müddətinə, 2015-ci ildən 2019-cu ilə qədər təxirə salıb. Təşkilat özü də etiraf edir ki, ehtiyatların artırılması üçün kredit təşkilatlarına daha çox zaman lazımdır.
Eyni zamanda, Azərbaycan Respublikasının Mərkəzi Bankı da bank sisteminə etimadın qorunması, sistem risklərinin minimallaşdırılması, banklarda idarəetmə potensialının gücləndirilməsi və maliyyə dayanıqlığının artırılması istiqamətində tədbirləri davam etdirir.
Bazel III standartları ilə harmonizasiya məqsədilə yerinə yetirilən müvafiq işlər daha çevik və effektiv nəzarət siyasətinin həyata keçirilməsinə, analitik nəzarət alətlərinin təkmilləşdirilməsinə imkan verəcək.
Son olaraq, Azərbaycan şəraitində özünü korporativ mühitdə görmək istəyən xanımlarımıza nə məsləhət verərdiniz?
Mənə belə gəlir ki, iş həyatında gender bərabərsizliyi anlayışı yoxdur. Çünki korporativ mühitin şərtləri, özünü bu mühitdə sınayıb, uğur qazanmağa çalışan hər kəs üçün eynidir: fərdi inkişaf, təşəbbüskarlıq, kreativlik, peşəkar hədəflərin dəqiq seçilməsi, bu hədəflərə sərf olunacaq vaxtın düzgün planlaşdırılması və s.
Bütün bunlar özünü korporativ mühitdə görmək istəyən hər bir qadın üçün nailiyyətə aparan yoldur. Xanımlarımıza tövsiyə edərdim ki, iş həyatında qarşıya qoyduqları məqsədlərə doğru irəliləməkdən heç bir halda çəkinməsinlər. Bu zaman uğur onların olacaq.