“Kapital Bank” ASC törəmə bank olmayan kredit təşkilatı “Birkart” MMC-nin niyə zərərdə olmasına dair açıqlama verərkən, bunu bankın investisiya işləri ilə əlaqələndirib.
Banker.az xəbər verir ki,“Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri Fərid Hüseynov və İdarə Heyətinin üzvü Emin Məmmədov bu barədə mətbuat konfransında jurnalistlərin “BOKT-nin zərərdə olması halında Bankın niyə bu təşkilatın qalmasına lüzum gördüyünə” dair sualına birgə cavab verərkən bildiriblər.
“Bəli! Bu təşkilat zərərlə işləyir. Lakin nəzərə almaq lazımdır ki, bu təşkilat bankın investisiya işlərinin bir hissəsini həyata keçirir. Bankın BOKT-nin vasitəsi ilə yatırım etdiyi investisiyalar uzunmüddətlidir. Qısa müddət ərzində bu investisiyalar banka gəlir gətirəcək. Bu zərərlərin 2026-cı ildən etibarən mənfəətə çıxdığını görəcəksiniz”, – deyə Baş risk inzibatçısı Emin Məmmədov deyir.
Təkrar olaraq jurnalist söhbətin hansı investisiyadan getdiyini soruşanda sədr Fərid Hüseynov “Kapital Bank”ın bu BOKT vasitəsi ilə bir neçə şirkətdə səhmdar olduğunu bildirib.
“Maliyyə perspektivi baxımından bankın özünün 100 faiz səhmdar olduğu BOKT vasitəsi ilə bir neçə şirkətə investisiya etməsi daha rahatdır”, – deyə Hüseynov vurğulayıb.
BOKT-nin əsas investisiyası informasiya və texnologiyalar sahəsinədir. Burada “PashaPay” MMC (m10 və MilliÖn), “Qırmızı Ürəklər Fondu”, “Competo” MMC (Umico) kimi şirkətlərin də payı var. Qeyd edilir ki, bu şirkətlərdən İT ilə əlaqəli olanlar zərərdədir.
“Bunlar böyük investisiyalardır. “Competo” “Umico” marketpleysin sahibidir və bizim bu şirkətlə çox yaxın əlaqəmiz var. O istiqamətdə güclü investisiyalar lazımdır ki, Azərbaycanın elektron kommersiya bazarının inkişafına dəstə olsun. Bu bir tərəfdən biznes, digər tərəfdən isə sosial məsələdir. Ən yaxşı bankçılıq təcrübəsini yalnız bankçılıqda yox, market-pleysə də gətiririk. Müxtəlif partnyorlar vasitəsi ilə təcrübəni davamlı təmin edirik”, – deyə Fərid Hüseynov bildirib.
Bank sədri gələn il də investisiyaların davam edəcəyini ehtimal edir. O, belə investisiyalardan çox qısa müddətdə gəlirlik gözləməməyi, orta və uzun müddətdə gəlirliliyə çevrilməsini gözləmək lazım olduğunu qeyd edib.