Banker.az-ın əldə etdiyi məlumata görə, 4 may 2023-cü il tarixində Kapital Bank-ın Səhmdarlarının Ümumi Yığıncağı keçirilib.
Səhmdarların qərarı ilə “Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri dəyişib. Hüseynov Fərid Arif oğlu İdarə Heyətinin Sədri, Baş İcraçı Direktor təyin edilib.
Buna qədər bu vəzifədə Allahverdiyev Rövşən Şamil oğlu idi. Səhmdarların digər qərarı ilə Rövşən Allahverdiyev Müşahidə Şurasının sədri təyin olunub.
Fərid Hüseynov 2017-ci ilin fevralından 2023-cü ilin mayına qədər “Kapital Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini idi. Adıçəkilən banka isə 2015-ci ildə Baş əməliyyat inzibatçısı kimi təyin edilmişdi.
Buna qədər “Bank of Baku” ASC-də çalışıb. 2007-ci ilin iyulundan 2010-cu ilin dekabrına qədər “Bank of Baku”nun İdarə Heyətinin sədr müavini, 2011-ci ilin yanvarından 2013-cü ilin yanvarına qədər sədrin birinci müavini və daha sonra isə baş əməliyyat inzibatçısı vəzifəsində çalışıb.