“Kapital Bankın aktivlərinin keyfiyyəti sistemin orta vəziyyəti ilə müqayisədə daha stabil və yaxşıdır. Bank adekvat kapital mövqeyini və likvidliyini qoruyub saxlayacaq”.
Bu barədə “Standard&Poors” beynəlxalq reytinq agentliyi məlumat yayıb.
Bildirilir ki, növbəti iki il ərzində bankın kredit portfeli müəyyən artım nümayiş etdirəcək və bu artım illik 5%-7%-dən çox olmayacaq. “Düşünürük ki, 2018-ci ilin birinci yarısında banka səhmdarlar tərəfindən 40 milyon manat həcmindəki kapital inyeksiyasının həyata keçirilməsi bankın kapitallaşmasına dəstək olacaq,” – deyə agentliyin mütəxəssisləri bildirib.
Məlumatda o da qeyd olunub ki, “Kapital Bank”ın aktivlərinin keyfiyyəti yaxşılaşıb: “2017-ci ilin sentyabrın 30-na olan göstəriciyə əsasən, vaxtı keçmiş kreditlərin həcmi ümumi kredit portfelinin 7,2 faizini təşkil etməklə azalıb. 2016-cı ildə isə bu rəqəm 14,7 faiz olub. Ötən il bank problemli kreditlərinin böyük hissəsini restrukturizasiya edib. Bankın aktivlərinin keyfiyyətinin Azərbaycanın digər bankları ilə müqayisədə daha yüksək olacağını proqnozlaşdırırıq. 2018-ci ilin əvvəlində bankın maliyyə və likvidlik göstəriciləri də sektorun digər iştirakçıları ilə müqayisədə daha yaxşı olub”.