“Standard and Poor’s” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın aparıcı banklarından biri olan “Kapital Bank”ın uzunmüddətli və qısamüddətli kredit reytinqini “BB-/B” səviyyəsində müəyyən edib, reytinqin dəyişməsi proqnozunu isə “sabit” kimi qiymətləndirib.
Bu barədə bankdan məlumat verilib.
“Kapital Bankın reytinqləri Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının “BB-” reytinqinin baza səviyyəsi ilə müəyyən olunur və bunun əsasında emitentə kredit reytinqi verilir. Bununla “Standard and Poor’s” Kapital Bankın biznes mövqeyini adekvat kimi qiymətləndirir. 30 iyun 2015-ci il tarixinə 1,7 mlrd. manat aktivlə Azərbaycanın ikinci ən böyük bankı olan Kapital Bank korporativ və pərakəndə seqmentdə güclü mövqe tutur. Bank çoxşaxəli xidmətlər göstərməklə öz biznesini diversifikasiya edib və bazar mövqeyini möhkəmləndirib”, – deyə agentliyin hesabatında bildirilir.
Hesabatda vurğulanıb ki, “Kapital Bank”ın kifayət qədər kapital ehtiyatına malik olması, Azərbaycanda mürəkkəb əməliyyat mühiti şəraitində belə zərərləri “udmaq” üçün qabiliyyətini əks etdirir.
“Kapital Bankın Azərbaycanın bank sistemi üçün mühüm əhəmiyyəti var. Anladığımız qədər hökumət də ölkənin bank sektoruna dəstək verməyə hazırdır və biz bunu müsbət amil kimi dəyərləndiririk. Biz Kapital Bankın kapitallaşma və mənfəətlilik göstəricilərini “adekvat” qiymətləndiririk”, – deyə hesabatda vurğulanır.
Sənəddə qeyd olunub ki, 2014-cü ildə səhmdarların “Kapital Bank”a 70 mln. manat yerləşdirməsi nəticəsində bankın kapital ehtiyatı əhəmiyyətli dərəcədə güclənib, sonradan əlavə qazanılan 36 mln. manat bölüşdürülməmiş mənfəət hesabına isə nizamnamə kapitalı daha da artırılıb: “Beləliklə, 31 dekabr 2014-cü il tarixinə bankın kapital yetərliliyi əmsalı risklər nəzərə alınaraq, diversifikasiyaya edilən dəyişiklikdən əvvəl 10,4%-ə bərabər olub ki, bu göstərici qənaətbəxş kimi qiymətləndirilir”.
“Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin sözlərinə görə, regionda makroiqtisadi risklərin artmasının müşahidə olunduğu dövrdə “Kapital Bank”ın yüksək reytinqə layiq görülməsi bankın etibarlığını nümayiş etdirir: “Bankın likvidlik səviyyəsinin yüksək qiymətləndirilməsi müştərilərimizin bizə olan inamını, həmçinin müştərilərimiz qarşısında öhdəliklərimizi uğurla yerinə yetirdiyimizi təcəssüm etdirir. Ölkənin sistem formalaşdıran banklarından biri kimi biz davamlı inkişaf tempimizi qorumağı və səmərəliliyimizi artırmağı əsas hədəflərimizdən hesab edirik”.
APA