Bu gün Dünya Bankı (DB) və Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Kapital Bazarlarının Müasirləşdirilməsi Layihəsinin ( KBML) nəticələrini müzakirə etmək məqsədi ilə yekun konfrans keçirib.
MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib ki, KBML Azərbaycanın kapital bazarlarının müasirləşdirilməsinə təşkilati və əməliyyat dəstəyi təmin edib: “Bu layihə Azərbaycanın qiymətli kağızlar bazarının inkişafına dair dövlət proqramının icrasını dəstəkləyib, ən müasir hüquqi və əməliyyat infrastrukturunun yaradılmasına və bazarın potensialının gücləndirilməsinə töhfə verib”.
DB-nin maliyyə sektoru və bazarlar üzrə praktika meneceri Rolf Berhnd bildirib ki, kiçik və orta müəssisələrin maliyyə resurslarına çıxışının yaxşılaşdırılması və xarici birbaşa investisiyaların artımı Azərbaycanda qeyri-neft sektorunun inkişafı və müasirləşdirilməsi üçün çox vacibdir: “Kapital bazarı yerli və xarici investisiyaların səfərbər olunması üçün əsas alətlərdən biridir, amma o cəmləşdirilmiş səyləri və düzgün zamanda keçirilən kompleks islahatları tələb edir”.
Bankın maliyyə sektoru üzrə baş mütəxəssisi və layihə qrupunun rəhbəri Anjela Priqojina isə qeyd edib ki, KBML maliyyə sektorunun şaxələndirilməsi üçün tələb olunan islahatlar paketini və qeyri-neft sektorunda fəaliyyət göstərən Azərbaycan şirkətləri üçün alternativ maliyyə mexanizmlərinə asan çıxışı dəstəkləyib: “Biz inanırıq ki, layihənin təsirləri transformasiya xarakterli və uzunmüddətli olacaq”.
Qeyd edək ki, KBML DB və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən dəstəklənir. KBML 17 mart 2011-ci ildə Dünya Bankının ayırdığı 12 mln. ABŞ dolları məbləğində kredit və SECO trast fondunun 1,6 mln. dollar həcmində əlavə qrantı ilə təsdiqlənib. Layihə bu ilin iyulun 1-də başa çatıb.
APA