10 C
Baku
Saturday, November 23, 2024

Kapitalizmin sonu və Kennedinin qələbəsi: “Saxo Bank”ın 2024-cü il üçün proqnozu

Danimarkanın “Saxo Bank”ı qlobal iqtisadiyyat üçün gözlənilməz hadisələrə əsaslanan, lakin buna baxmayaraq maliyyə bazarlarına təsir edə biləcək illin “şok proqnozlarını” açıqlayıb.

“Yolun sonu” adlı 2024-cü il üçün proqnozlar toplusu dünyanın “köhnə normalara” necə yaxınlaşdığını və qabaqcıl texnologiyaların “köhnə problemləri necə həll etdiyini, həm də yeni, bəlkə də daha təhlükəli olanları yaratdığını göstərmək məqsədi daşıyır.  Ekspertlərin fikrincə, dünyanın 2008-ci il maliyyə böhranından bəri keçdiyi yol (sabit geosiyasət, aşağı inflyasiya və faiz dərəcələri) COVID pandemiyası zamanı pozulub və gələn il qeyri-müəyyən gələcəklə üzləşəcək.

Bir bareli 150 dollara neft və dünya Çempionlar Liqasının yaradılması

2023-cü ilin ortalarında neftin qiyməti 150 dollar/barel səviyyəsinə qalxacaq. Qiymətlərin kəskin artması Səudiyyə Ərəbistanı iqtisadiyyatının yenidən qurulmasına təkan verəcək və bu, ölkəni “turizm, istirahət və əyləncə mərkəzinə” çevirməyə yönələcək. Bu fonda krallıq UEFA-dan dünyanın ən nüfuzlu futbol turnirlərindən biri olan Çempionlar Liqasına ev sahibliyi etmək hüququnu alacaq.

Piylənmə əleyhinə dərmanlar səbəbindən qlobal səhiyyə böhranı

“Saxo Bank” piylənməyə qarşı möcüzə dərman hesab edilən qlükaqona bənzər peptid-1 (GLP-1) əsasında hazırlanan dərmanların populyarlığının artacağını gözləyir. Preparatların qiyməti aşağı düşəcək, bəzi ölkələrdə isə onlar həyati vacib dərmanlar siyahısına salınacaq. Bununla belə, proqnoz müəllifləri xəbərdarlıq edirlər ki, həblərin qəbulunun asanlığı insanların idmandan əl çəkməsinə və daha çox zərərli qidalar yeməyə başlamasına səbəb olacaq.

ABŞ-da kapitalizmin sonu

2024-cü il prezident seçkiləri ərəfəsində ABŞ hökuməti iqtisadiyyatı dəstəkləmək və sosial iğtişaşların qarşısını almaq üçün büdcə xərclərini artırmağa məcbur olacaq. Ölkədə inflyasiya təzyiqi artacaq, xarici investorlar kapitalı geri çəkməyə davam edəcək; bu baxımdan, dövlət istiqrazlarına tələb zəif olacaq, bu da onlar üzrə “gəlirliliyin kəskin sıçrayışına səbəb olacaq”. Borclanma xərclərini normallaşdırmaq cəhdi ilə hökumət dövlət istiqrazlarının gəlirlərini vergilərdən azad edəcək. Analitiklər deyirlər ki, “bu hərəkət kapitalizmin sonunu göstərəcək, çünki pul özəl korporasiyalardan dövlətə keçəcək”.

ABŞ seçkilərində Robert Kennedinin (kiçik) qələbəsi

2024-cü ildə müstəqil namizəd Robert Kennedi (kiçik) ilk dəfə ABŞ prezident seçkilərində qalib gələcək. Onun “müharibə qızışdıran demokratlara və korporativ elitaya qarşı” populist mesajları həm Demokratlar Partiyasının, həm də Respublikaçılar Partiyasının namizədi Donald Trampın tərəfdarları ilə rezonans doğuracaq.

“ABŞ-da yeni siyasi dövr plutokratiyaya son qoyulmasından başlayacaq, belə ki, seçicilər bərabərsizliyə, ədalətsizliyə və sonsuz müharibələrə son qoyulmasını tələb edəcəklər”, – mesajda deyilir.

Digər “şok” proqnozlar

Süni intellektlə bağlı böhranlar. “Saxo Bank” məhsuldarlığı artırmaq üçün bir yol kimi görünən generativ süni intellektin milli təhlükəsizliyə təhdid olacağını gözləyir. Analitiklərin fikrincə, inkişaf etmiş ölkələrdən birində fırıldaqçıların saxta texnologiyadan istifadə edə biləcəyi bir ssenari mümkündür.

Yaponiya Bankı “qlobal istiqraz bazarlarında xaosa səbəb olacaq” dövlət istiqrazlarının gəlirliliyinə dair sərt məhdudiyyətlərdən imtina edəcək.

Avropa İttifaqı milyarderlər üçün 2% sərvət vergisi tətbiq edəcək və bu, sənayedə şok yaradacaq: lüks mallara tələbat azalacaq, LVMH, Porsche və Ferrari kimi lüks şirkətlərin səhmləri çökəcək.

Son xəbərlər
Digər xəbərlər