6 C
Baku
Saturday, December 14, 2024

Karantin dövründə təhsilverənlərə aid tələblər müəyyənləşib

Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” təsdiq edib.

Qaydalarda təhsilverənlərə dair tələblər də açıqlanıb.

Qeyd edilib ki, təhsil müəssisələrində əyani formada tədris və təlim- tərbiyə prosesinə yaşı 65-dən aşağı olan təhsilverənlər cəlb olunurlar.

Təhsilverənlərə əməkhaqqının hesablanmasında distant (məsafədən) formada tədris edilən dərs yükü nəzərə alınır. Tədris və təlim-tərbiyə prosesinə cəlb olunmayan yaşı 65-dən yuxarı olan təhsilverənlərin işində yaranan fasilələr onların iş vaxtına daxil edilir və əməkhaqqı saxlanılır.

Qaydalarda həmçinin deyilib ki, iş prosesində tibbi və ya parça maskalardan, üz sipəri və digər qoruyucu vasitələrdən istifadə edilməlidir. İstifadə edilən fərdi qoruyucu vasitələr mütəmadi olaraq, habelə çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməli və bu zaman əllərin gigiyenasına dair tələblərə riayət edilməlidir.

Müəllim otağında, kafedrada və digər heyətin iş və istirahət otaqlarında sosial məsafə (ən az 1,5 metr) gözlənilməlidir. Təhsilverən özündə və ya birgə yaşadığı şəxslərdə COVID-19 əlamətlərini (şübhəsini) hiss edərsə, bu barədə dərhal təhsil müəssisəsinin rəhbərliyinə məlumat verməlidir.

İş vaxtı ərzində təhsilverəndə bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən edildikdə və ya hər hansı xəstəlik əlamətləri müşahidə olunduqda (yüksək hərarət, öskürək, nəfəs darlığı, dadbilmə, iybilmə hissinin itməsi, halsızlıq və s.), bu Qaydaların tələblərinə uyğun tədbirlər görülür.

COVID-19 testinin nəticəsi pozitiv çıxan və ya test nəticəsi pozitiv çıxmış şəxslə təmasda olduğu üçün təcridolunma rejimində olan və ya test nəticəsi pozitiv çıxmış və sağalmış, lakin sonuncu test nəticəsinin neqativ olmasından hələ 14 gün keçməyən, habelə özündə və ya birlikdə yaşadığı şəxslərdə şübhəli əlamətlərin olması səbəbindən götürülmüş test nümunələrinin cavabları aşkarlananadək, həmin şəxslərin işə başlamasına icazə verilmir.

Bu Qaydalarla təhsilverənlərə münasibətdə müəyyən edilmiş tələblər təhsil müəssisəsinin tədris etməyən inzibati heyətinə də aiddir.

 

Son xəbərlər
Digər xəbərlər