Fəxri Ağayev yazır…
Hazırda biznesimizin qarşılaşdığı vəziyyətlə bağlı öncəki iki məqaləmizdə sahibkarlarımıza verilən əsas iki mesaj bunlar idi:
– bu böhranın faydası var – şirkətin və biznesin zəif tərəflərinin üstünü açır, onları aydın şəkildə görmək imkanı verir;
– bazarda müştəri davranışları və biznesin ümumi mühitində ciddi dəyişikliklər olacaq, buna indidən hazır olmaq lazımdır.
Öncəki məqalələri oxumaq istəyənlər üçün linklər aşağıdadır:
Dünən axşam bir qrup sahibkar və iş adamı dostumuzla canlı yayımda iclas keçirdik və qlobal şirkətlərdən birinin Azərbaycan üzrə direktoru Anar Məmmədovun dediyi olduqca doğru bir cümləni burada hər kəslə paylaşmaq istəyirəm:
“Hər zaman deyirlər ki, səbr etmək lazımdır. Bu gün vəziyyət fərqlidir – artıq yeni şərtlərə adaptasiya olmaq lazımdır”.
Bu cümlədə, əslində, sahibkarlarımıza və iş adamlarımıza hər şey deyilir.
Şərtlər, müştəri davranışları, rəqabət – hər şey dəyişir və karantin müddətindən sonra dəyişəcək.
Bəs bu dövrü keçmək üçün nələr etmək, necə davranmaq lazımdır?
İlk növbədə, bütün mövzularda maksimum soyuqqanlılıq vacibdir – ofisdə, işdə, ailədə. Belə zamanlarda insanlar, adətən, emosional və normal şəraitdə davranmadıqları kimi davranırlar və buna görə də anlayışlı olmalı, səbirlə öz fikir və düşüncələrimizi başa salmalıyıq.
Bunun ən sadə misalı – firmanın güclü satışları və yüksəlişi dövründə onunla bu uğurlardan maddi payını yüksək maaş, bonus, mükafatlar formasında alan insanların artıq daha səbirsiz olması və tələbkar davranmasını göstərmək olar. Bu və bənzəri digər mövzularda soyuqqanlılıq insana minimum zərərlə doğru qərarlar vermək imkanı yaradır.
Soyuqqanlı olmaq üçün isə mövcud şərtləri fakt olaraq qəbul etmək lazımdır. Bəzən peşəkar və şəxsi həyatımızda elə hallar baş verir ki, zehnimiz və hisslərimiz onu qəbul etməkdə çətinlik çəkir – buna görə də durmadan “niyə belə oldu?”, “olmamalı idi” kimi düşüncələrlə həm vaxt itiririk, həm də eyni anda problemin həlli yollarını fikirləşmədən emosionallığa qapılırıq.
Qarşımızda bir neçə danılmaz fakt var: şərtlər dəyişdi, satışlar, gəlirlər, mənfəət azalacaq, ehtimal var ki, xərclər artacaq, müştəri davranışları dəyişəcək, borclar və öhdəliklər yük kimi şirkət və sahibkar üzərində durur, alacaqları almaq çətindir.
Bu durumla qarşılaşan hər bir sahibkarın birinci addımı faktı qəbul etmək və soyuqqanlı olmaqdır.
İkinci addım: mövcud vəziyyətdən minimum zərərlə çıxmaq – kirayədə olan obyektlərin sahibləri ilə anlayışlı olmaları üçün danışıqlar, anbar qalığında olan məhsullara görə borcların ödənməsində təchizatçılar və istehsalçılarla görüşlər və müddətin uzadılması, ödəmələrin hissələrə bölünməsi, endirimlərin edilməsi, əməkdaşların, qismən də olsa, maaş dəyişikliklərinə anlayışlı münasibət göstərmələri üçün onlara cari vəziyyətin aydınlıqla göstərilməsi.
Digər mühüm məqam – vaxtınız varkən iki məsələyə diqqət edin: bol-bol məşhur iş adamlarının həyat hekayələrini oxuyun və əvvəllər diqqət etmədiyiniz kiçik gözəlliklərdən zövq alın.
Öncəki məqalədə mütaliə ilə bağlı yazdığım üçün bu dəfə həyatımızın kiçik məqamlarına toxunmaq istəyirəm. Bir həftə öncə sahibkarlar qrupumuzla onlayn görüşümüzdə iş adamlarından biri olan Anar Həmzəyevin bu günə olan vəziyyətlə bağlı olduqca dəyərli və bütün biznesmenlərə aid olan səmimi sözlərini burada olduğu kimi paylaşmaq istəyirəm:
“Evdə qalıb, hər şeyi daha ətraflı, sakit görüb müşahidə etməyi məsləhət bilirəm. Sanki səhər işə gedib, axşam evə gəlmək bütün həyatımızı işə bağlayıb və buna görə də özümüzü görmürdük. Burada əsas məqam hər gün işlə məşğul olmaq, hər gün iş görüşləri və s. etmək deyil – bunun nə qədər keyfiyyətli, faydalı olduğunu analiz etmək, hətta o barədə düşünmək, məncə, daha vacibdir.
Zamanın nə qədər tez getdiyini hiss etmirdik. Sanki hər gün bizə verilən zamanın tez bitməsi üçün yarışa girmişdik. Əsas evdə qalıb, hətta aldığın istənilən əşyadan istifadə edib, zövq almağı belə düşünmürdüm.
Ən əsas məqamlardan biri də, sağlamlığımıza nə qədər laqeyd olduğumuzu dərk etdim. Biz hər zaman həkimə son həddə müraciət etmişik. İndi də sağlamlığımıza biganəyik.
Mən ilk dəfə avtomobilimdən həmişəkindən daha çox zövq aldım. Bazardan bütün nemətləri alıb, evə gətirirdik, eyni vərdişlə yeyib, tez işə qaçırdıq.
Amma indi evdə yeməyin dadını, ləzzətini daha zövqlə çıxarmağı öyrəndik.
Həmişə etdiyimiz gündəlik işləri robot kimi edirdik. Adi çay içmək – bəlkə də, çoxlarımız çayı böyük fincanlarda içirik. Bu karantində həmişə içdiyin çayı armudu stəkanda içməyin necə zövq yaşada bildiyini indi kəşf etdim”.
Bütün sahibkarlarımıza və iş dünyamıza yeni şərtlərə adaptasiya olaraq, daha güclü olmağı arzu edirəm!