2020-ci ilin yanvar-avqust aylarında bir işçiyә düşәn orta aylıq işlәnmiş iş saatlarının miqdarı 133.7 saat tәşkil edib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Azərbaycanda 2020-ci ilin ilk 8 ayı ərzində ən çox iş saatlarının azalması təhsil, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət və eləcə də turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində olub.
Bu ilin yanvar-avqust aylarında iqtisadi fəaliyyət növləri üzrə bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarında ən çox azalma təhsil sahəsində qeydə alınıb. Koronavirus pandemiyası səbəbindən, ölkədə təhsil sahəsi, demək olar ki, dayanmışdır. İlk 8 ayda təhsil işçilərinin orta aylıq iş saatının miqdarı ötən illə müqayisədə 54.3 saat miqdarı azalmaqla 88.4 saata düşüb.
İkinci yerdə ən çox azalma turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsindədir ki, burada çalışanların iş saatları 17 saat miqdarı azalmaqla 134.5-ə düşüb.
Üçüncü yeri isə istirahət, əyləncə və incəsənət sahəsi tutur. Bu sahələrdə çalışanların orta aylıq iş saatının miqdarı illik müqayisədə 14.7 saat azalaraq 136.3 saat olub.








