Son illər ərzində dövrün tələbi olaraq meydana çıxan və ya sürətlə böyüyən bizneslərdən biri də xarici ölkələrdən, xüsusən Türkiyədən Azərbaycana sürətli poçtdaşıma əsasında fəaliyyət göstərən karqo biznesidir.
Ötən il “Trendyol” kimi qlobal elektron ticarət markasının Azərbaycan bazarına daxil olması ilə bu biznes sahəsinə ikinci təkan verildi.
Bu gün qeyd olunan platformadan Azərbaycana sifariş verdiyin zaman ölkə boyu 1000-ə yaxın “Gəl al” nöqtəsi adı ilə fəaliyyət göstərən yerlər görünür. “Gəl al” nöqtəsi adlanan yerlər yerli karqo şirkətlərinin müştərilərə bağlamalarını təhvil verdiyi “Təhvil məntəqələri”dir. Bəs bu yerlər qanunidirmi?
Qanun nə deyir?
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli qanununa görə, ölkə ərazisində sürətli poçtdaşıma xidməti göstərən şirkətlər həm ümumi şirkət üçün lisenziya, həm də faəliyyət göstərdiyi hər bir “təhvil məntəqəsi” üçün lisenziya əlavəsi almalıdır.
Qanunun tələbinə görə, lisenziya müraciəti üçün 650 AZN rüsum ödənilməlidir, həmin “təhvil məntəqəsi”nin mütləq şəkildə qeyri-yaşayış reyestr çıxarışı olmalıdır, həmin məntəqədə şirkətə məxsus mütləq qeydiyyatda olan işçi olmalıdır və həmin yerin sahibi ilə karqo şirkəti arasında notariusda bağlanmış müqavilə olmalıdır.
Bundan başqa, həmin təhvil məntəqələrində qanunun tələbinə görə xüsusi əşyalar və təmir formatları var. Məsələn, təhvil məntəqəsi mütləq kameralarla təhciz olunmalıdır, məntəqənin üzərində reklam panosu yerləşdirilməlidir, müştərilərin oturması üçün xüsusi oturacaqlar olmalıdır, müştəri qəbulu üçün “reseption” masası, bağlamaların yerləşdirilməsi üçün ayrıca otaq düzəldilməli, rəflərlə təmin olunmalıdır və s.
Bütün bunlara baxdıqda, karqo şirkətlərinin hər bir təhvil məntəqəsi üçün lisenziya almamaq halı olduqca yüksək görünür. Çünki qanunvericiliyin bütün tələblərini icra etmək o qədər rahat iş deyil.
Qanunsuz işləyənlər kimlərdir?
Banker.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, adları qeyd olunan şirkətlərin lisenziyalı fəaliyyət göstərən təhvil məntəqələrinin siyahısı ilə bağlı İqtisadiyyat Nazirliyinə sorğu göndərilib.
Nazirlik çox keçmədən sorğuya cavab verib.
Qanunsuzluğun həcmini tam görmək üçün gəlin siyahı ilə yaxından tanış olaq. Qeyd edək ki, aşağıda adları çəkilən şirkətlər öz saytlarında həmin qanunsuz yerləri “Kuryer Təhvil məntəqəsi” kimi göstərərək qanundan yayınmağa çalışıb. Əslində isə o yerlərdən bütün vətəndaşlar sifariş etdikləri bağlamaları təhvil alır.
“Expargo” şirkəti
Nazirlikdən sorğuya verilən cavabda qeyd olunur ki, bu şirkətin 14 lisenziyalı təhvil məntəqəsi mövcuddur. Amma həm şirkətin öz saytında, həm də “Trendyol” kimi partnyorunun saytında şirkətin 60-a yaxın təhvil məntəqəsi görünür. Bəs yerdə qalan 40-dan çox təhvil məntəqəsi necə fəaliyyət göstərir?
Məsələ burasındadır ki, şirkətin bu yerləri gizlin deyil. Çalışdığı bütün platformalarda, sosial media hesablarında, veb saytında açıq-aşkar qeyd olunur ki, biz bu yerlərdə bağlama təhvil veririk. Rəsmi qurumlar isə yəqin ki hələ görmür.
Məlumat üçün deyək ki, “Expargo” şirkəti vergi uçotuna “Expert” MMC kimi qeydiyyatdadır.
Nazirliyin təqdim etdiyi siyahıda olmayan, ancaq faktiki fəaliyyət göstərən “Expert” MMC-yə məxsus yerlərin siyahısını və foto faktları bu linkdə izləyə bilərsiz.
“Kargolux” şirkəti
Sorğuya verilən cavabda qeyd olunur ki, bu şirkətin Bakı və Sumqayıtda toplam 5 lisenziyalı təhvil məntəqəsi mövcuddur. Amma şirkətin rəsmi veb saytına baxıldığı zaman sorğuya verilən cavabda yer almayan çoxlu təhvil məntəqələri görünür.
Nazirliyin təqdim etdiyi siyahıda olmayan, ancaq faktiki fəaliyyət göstərən Kargolux şirkətinə məxsus yerlərin siyahısını və foto faktları bu linkdən izləyə bilərsiz.
“Morex” şirkəti
Nazirliyə göndərilən sorğuda yer alan şirkətlərdən biri də “Morex” şirkəti idi. Bu şirkətlə bağlı verilən cavabda qeyd olunur ki, şirkətin 5 lisenziyalı təhvil məntəqəsi mövcuddur. Ancaq məsələni araşdırarkən elə məhz həmin şirkətin saytında görünür ki, siyahıda adı olmayan şirkətə məxsus çoxlu təhvil məntəqələri var imiş.
Şirkətlər suallardan yayınır
“Expargo” şirkətinin təmsilçisi Nurlan Qurbanov ona ünvanlanan suallara cavab olaraq bu barədə danışa bilməyəcəyini bildirib.
“Kargolux” şirkətinin Ülvi adlı təmsilçisi də sualları cavablandırmaqdan imtina edib.
Dövlət öz-özünə zərər verir?
Nəzərə alaq ki, qanunsuz fəaliyyət göstərən yerlərin əksəriyyəti regionlarda olan yerlərdir. Məsələn, yuxarıda adını çəkdiyimiz Trendyol.com saytına daxil olub, hər hansı bir rayonu seçdikdə, orda qarşımıza adətən 2 yer çıxır. Bunlardan biri lisenziyasız fəaliyyət göstərən təhvil məntəqəsi, digər isə “Azerpoçt” məntəqəsidir.
Buradan belə bir nəticə çıxır ki, əgər o lisenziyasız yer seçim kimi olmazsa, bütün müştərilər dövlətin poçt xidməti olan “Azərpoçt”u seçəcəkdi və nəticədə milli operatorumuz daha çox qazanacaqdı. Amma hazırda isə qanunsuz sahibkarlıq edən şəxslər qazanmış olur. Bəs “Azerpoçt” özü bu barədə nə düşünür?
Yaranan suallara cavab almaq üçün “Azerpoçt”un tabe olduğu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə sorğu ünvanlanıb.
Sadə qanunsuzluq, yoxsa vergi cinayəti?
Cinayət məcəlləsinin 192-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğulolma fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Yuxarıda qeyd olunan lisenziyasız yerlərin sayını nəzərə aldıqda, bu məsələ bəlkə də birbaşa cinayət hesab oluna bilər.
Bəs karqo bazarındakı xaos barədə mütəxəssislər nə düşünür?
Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyası İdarə Heyətinin sədri Şaiq Qəribzadə əvvəlcə lisenziya məsələsinə toxunaraq, bununla bağlı kriteriyaların yenidən nəzərdən keçirilməli olduğunu bildirib. “Burada əsas məsələ təhvil məntəqələrinin qeyri-yaşayış sahələrində fəaliyyəti ilə bağlıdır. Yəni, əgər mən təhvil məntəqəsi açmaq istəyirəmsə, sənəddə mütləq onun ünvanı kimi qeyri-yaşayış sahəsi göstərilməlidir. Bakıda qeyri-yaşayış sahəsi tapmaq mümkündür, amma rayonlarda bununla bağlı çətinlik yaşanır. Bu da lisenziyasız məntəqələrin sayının artmasını şərtləndirir”, – deyə Şaiq Qəribzadə əlavə edib.
Lisenziyasız məntəqələrin sərbəst fəaliyyətinin sirrinə gəlincə isə Şaiq Qəribzadə bunu ikili standartlarla izah edir.
“Bilirsiniz, əslində sakit dayansan, səni heç kim yoxlamır. Lakin kimsə vergiyə şikayət edəndə yoxlama gəlir və lisenziyasız məntəqələr bağlanır. Amma məsələ burasındadır ki, bu standart hamıya şamil edilmir. Əslində, bu sahədə şəffaflığı, qanuniliyi təmin etmək üçün bütün şirkətlər yoxlanılmalı və görülən tədbirlər eyni qaydada bütün şirkətlərə tətbiq edilməlidir. Təəssüf ki, bu baş vermir”, – deyə Qəribzadə vurğulayıb.
O hesab edir ki, bu sahədə düzən yaratmaq üçün şirkətlərə lisenziya verilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyət çərçivəsinə daxil edilməlidir: “Bu həm də məntiqlidir. Çünki poçt xidməti məhz bu nazirliyin fəaliyyət dairəsinə daxildir. Bunun vergiyə aidiyyəti yoxdur. Yeri gəlmişkən, təhvil məntəqələrinin lisenziyasiz fəaliyyət göstəməsi heç də o demək deyil ki, onlar vergidən yayınır. Xeyr. Burada problem vergi qeydiyyatı, vergi ödəməkdən yayınmaqla bağlı deyil. Məsələnin kökündə qeyri-yaşayış sahəsi ilə bağlı sənəd dayanır. Ümumiyyətlə, bu, çox absurddur. Təsəvvür edin, kimsə ərzaq satır, bu fəaliyyətlə bağlı ondan qeyri-yaşayış sahəsi ilə bağlı sənəd tələb olunmur, amma mən poçt xidməti göstərirəm, ofisim bu xidmət üçün nəzərdə tutulmuş bütün standartlara cavab verdiyi halda qeyri-yaşayış sahəsi ilə bağlı sənədim olmadığına görə faəliyyətim qadağan edilir. Belə bir məntiqsiz halla üzləşmişik”.