1 C
Baku
Saturday, December 14, 2024

“Karqo şirkətləri çəkini artırmaq üçün məhsulu bir neçə paketə bükürlər”

Bəzi karqo şirkətlərinin əlavə qazanc əldə etmək məqsədilə məhsulun çəkisini süni şəkildə artırdıqlarına dair sosial şəbəkələrdə məlumat yayılıb. İddia olunur ki, bunun üçün xaricdən gətirilən məhsul ya bir neçə paketə bükülür, ya da içərisinə kağızlar qoyulur.

Banker.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da belə halların olduğunu deyib. Onun sözlərinə görə, son dövrlərdə karqo şirkətlərinin də sayı artıb.

“Şikayətlərin əsas məğzi məhsulun gətirilməməsi, itirilməsi, istehlakçının müraciətinə baxılmaması, müqavilə bağladığı və yükünü daşıdığı şirkətlə müştərinin əlaqələndirilməməsi və ya məhsula zərər vurulması ilə bağlı olur. O cümlədən, istehlakçıdan daha artıq vəsaitin alınması məqsədilə məhsulun çəkisinin qəsdən artırılması halları da var. Bunun üçün şirkətlər məhsulu bir neçə paketə bükürlər. Hesab edirəm ki, bu, yolverilməzdir. Getdikcə onlayn ticarət klassik ticarəti üstələyir. Bu sahədə ciddi rəqabət var. Təəssüf ki, vəziyyətdən karqo şirkətləri sui-istifadə edirlər. Belə halda istehlakçılar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və ya Azad İstehlakçılar Birliyinə müraciət edə bilərlər”, – deyə E.Hüseynov bildirib.

İqtisadçı ekspert Xalid Kərimli isə iddiaların əsassız ola biləcəyi qənaətindədir. Onun sözlərinə görə, bunu məhsulu satan şirkət də edə bilər.

“Elektron ticarətin əhatə dairəsi gündən-günə böyüyür. Bazarda hazırda onlarla yerli karqo şirkəti fəaliyyət göstərir. Ciddi rəqabətli sahədir. Burada səlahiyyətin və məsuliyyətin bölüşdürülməsi məqamları var. Məsələ orasındadır ki, karqo şirkətləri çatdırılmanı təmin etsə də, paketləməni bildiyim qədərilə satıcı şirkət də edə bilər. Bütün məsuliyyəti karqo şirkətlərinin üstünə atmaq doğru olmaz. Dərindən araşdırılmalıdır ki, bunu karqo şirkəti xarici anbarında edib, yoxsa satıcı şirkət məhsulu özü bu şəkildə qablaşdırıb” – deyə, ekspert əlavə edib.

Ekspert onu da qeyd edib ki, bu sahədə rəqabət böyük olduğu üçün qiymətlər o qədər də yüksək deyil. Digər tərəfdən, müştəri belə hallarla qarşılaşarkən bunu hüquqi müstəvidə həll etməsindənsə, karqo şirkətini dəyişməsi daha effektivdir.

“Daşıma xərcləri 5-10 manat civarındadır. Burada çəkinin bir neçə yüz qram artması ciddi məbləğ deyil. Amma alıcı bunun ciddi məbləğ olduğunu düşünürsə, bazar qaydalarına uyğun olaraq rəqib daşıyıcıya keçməklə həmin karqo şirkətini cəzalandıra bilər”, – deyə ekspert bildirib.

Qeyd edək ki, Türkiyədən məhsul çatdırılmasına görə tariflər 200 qrama qədər 1 dollar, 500 qrama qədər 2-3, 700 qrama qədər 4 və 1 kiloqrama qədər 4-5 dollar civarındadır. ABŞ-dan daşımalarda isə bu məbləğ müvafiq olaraq təxminən 0,5-1 dollar artıqdır.

Son xəbərlər
Digər xəbərlər