İlk dəfə 2007-ci ildə Böyük Britaniyada plastik kartlar üzrə yeni bir texnologiya istifadəyə verildi. Bu texnologiya “Contactless” (az dilində tərcüməsi “təmassız”) adlanırdı. Bu texnologiya aşağı qiymətli əməliyyatlar üçün sürətli və rahat alternativ təklif edirdi.
“Contactless” – plastik kartlar vasitəsilə nağdsız əməliyyatlar zamanı kartı POS-a daxil etmədən yalnız yaxınlaşdırmaqla sürətli əməliyyatlar aparmağa imkan verən bir texnogiyadır. Ölkəmizdə fəaliyyət göstərən banklar 2014-2015-ci illərdən etibarən müvafiq funskiyanı öz kartlarına əlavə etməyə başladılar. “Contactless” funksiyasının ən əsas özəlliklərindən biri də öncədən təyin edilmiş limitlər çərçivəsində sürətli olmaqla yanaşı “PİN”-siz əməliyyat etməyə imkan verməsidir. Bir məqamı xüsusilə vurğulamaq istərdik ki, Contactless” funksiyasından istifadə edilməsi üçün kartla yanaşı POS-ların da müvafiq funksiyanı dəstəkləməsi vacibdir. Yəni ki, sizin kartınızda bu funksiya varsa bu o demək deyil ki, istənilən POS terminalda siz təmassız əməliyyatları həyata keçirə bilərsiniz. Bu funksiya müştərilər üçün rahatlıq yaratsa da bəzi təhlükəsizlik tədbirlərini də ön plana çıxarır. Belə ki, kart itirildikdə və ya oğurlandıqda kart hesabında olan vəsaitin kartı qanunsuz formada ələ keçirən şəxslər tərəfindən istifadə təhlükəsi yaranır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da bu əməliyyatlar üzrə bəzi təhlükəsizlik tədbirləri görülür. Təhlükəsizlik tədbirlərinə misal olaraq kartdan birdəfəlik “PİN”-siz əməliyyatlar üzrə maksimal limitlərin təyin edilməsidir. Bu limitlər ölkənin Banklara və digər maliyyə təşkilatlarına nəzarəti həyata keçirən dövlət qurumu olan Mərkəzi Bank tərəfindən təyin edilir. Yaxın zamanlara qədər PİN-siz maksimum istifadə limiti bir əməliyyat üzrə 20 AZN və ekvivalenti təşkil edirdi. Təxminən 1 ay öncə Mərkəzi Bank tərəfindən bu limit 50 AZN təyin edildi. 50 AZN-dən yuxarı təmassız əməliyyatlar üzrə isə mütləq qaydada PİN tələb edilməlidir. Əlavə olaraq bəzi Banklar tərəfindən plastik kartlar gündəlik limitlər də təyin edilə bilər.
Yuxarıda qeyd etdiyimiz kimi, ölkəmizdə müvafiq funksionallıq 2014-2015-ci illərdən istifadəyə verilmişdir. Plastik kartlara bu funksionallığın tətbiq edilməsi əlavə xərc tələb etdiyindən hələ də bütün banklarda bu özəllik yoxdur. Bəzi banklarda isə yalnız bir və ya bir neçə debet karta “Contactless” funksiyası əlavə edilib. Monitorinq qrupumuz bu mövzuyla bağlı kiçik bir araşdırma aparıb. Araşdırma nəticəsi olaraq öz plastik kartlarına müvafiq funksionallığı əlavə etmiş Bankların bəziləri haqqında məlumatı aşağıda Sizlərə təqdim edirik.
Bank | Hansı kartlarda “Contactless” özəlliyi var |
AtaBank | Visa Electron PayWave, Visa Gold PayWave, Visa Platinum PayWave, Maestro PayPass, MC Standard PayPass |
Bank Respublika | Visa İnfinite kartı istisna olmaqla digər bütün bank kartları. |
Unibank | Albalı Plus Contactless |
Kapital Bank | Birkart Miles |
Xalq Bank | MC Debit, MC Black Edition |
Accessbank | Visa Classic, Visa Gold, myCard Classic |
Express Bank | Expresso debet |