Fəxri Ağayev yazır…
Karyerasından narazı və narahat olan insanları daim görürəm. Yaşından asılı olmadan bu insanlarla ünsiyyətdə diqqətimi çəkən əsas məqam və ortaq fikir budur ki, əksəriyyəti iş həyatına başlamadan öncə karyera artımı və peşəkar həyat haqda çox səhv fikirdə olublar. Yəni hələ karyeraya başlamadan öncə artıq bu mövzuda düşüncələri doğru deyildi. Buna görə də, mən iş həyatımız və karyera barəsində 5 əsas səhv düşüncə və əfsanələr haqda bu məqaləni yazmağa qərar verdim.
Birinci səhv düşüncə odur ki, karyera universitet illərindən sonra başlayır. Bu düşüncə tərzi ilə gəncimiz 4 il ərzində ancaq imtahandan imtahana oxuyur və məzun olduqdan sonra real iş həyatına başlayanda gözləntilərinin tamamən fərqli olduğunu görür. Hesab edirəm ki, bizim peşəkar həyat və karyeramız birinci kursun birinci dərsinin birinci saatından başlayır və buna görə də, bizim universitetdə oxuyan gənclərimiz gələcəkdə, 5-10 il sonra harada olacaqlarını müəyyənləşdirib, ona görə planlar düşünməli və 4 il ərzində keçən hər günlərini, 24 saatlarını həmin gələcək planlarına görə istifadə etməlidirlər.
İkinci əfsanə odur ki, xaricdə təhsil vacibdir və xaricdə təhsil almayan insanın karyera yüksəlişi çətin olur. İlk öncə onu qeyd etmək lazımdır ki, “xaric” sözü çox nisbi anlayışdır. İkinci məqam odur ki, qərb ölkələrində hər universitet Harvard, Stenford deyil. Xaricdə təhsil alan insanların 3 əsas üstünlükləri var:
– xarici dil biliyi;
– geniş dünyagörüşü və baxış bucağı;
– müasir biliklərin əldə edilməsi.
Hesab edirəm ki, bir insan xaricdə təhsil almadan da universitetdə olxuduğu 4 il ərzində xarici dili öyrənmə imkanına malikdir, dünyagörüşünü genişləndirə və müasir biliklər əldə edə bilər. Bunu üçün xaricə getməyə ehtiyac yoxdur – insanın məqsədləri və planları olduqdan sonra vaxtından səmərəli istifadə edərsə, zamanını effektiv və məhsuldar keçirərsə, bu məqamlarda ciddi addımlar ata bilər.
Üçüncü səhv düşüncə odur ki, karyera qurmaq üçün çox işləmək lazımdır və iş yerində 8 saat deyil, 10, bəzən isə 12 saat, həftədə 6 gün zaman keçirməyimiz gərəkdir ki, uğurlu karyera quraq. Hesab edirəm ki, çox işləmək lazım deyil – effektiv işləmək lazımdır. Təcrübəm göstərir ki, gün ərzində iş yerində 10 saatdan artıq vaxt keçirən insanların real və vacib işlərə ayırdıqları zamanı toplasaq, maksimum 3-4 saat edəcək. Yerdə qalan zamanlarını ikinci dərəcəli və çox da əhəmiyyətli, həlledici olmayan işlərə xərcləyir insanlar. Düşünürəm ki, bu şəxsi effektivlik texnikalarını öyrənmək vacibdir, işlərimizə diqqətimizi cəmləməli və fokuslanmalıyıq, ən əsası, zamanımızı oğurlayan işlər və insanlara qarşı diqqətli davranmalıyıq. Bütün bunlar üçün isə zamanın idarəetmə texnikaları haqda ikicə kitab oxumaq kifayət edəcək
Dördüncü əfsanə odur ki, rəhbərlə əlaqələr yaxşı olmalıdır və bu məqamda “yaxsı” sözü çox nisbi anlayışdır. Rəhbərə doğruları deməklə onun ifadə etdiyi səhv fikir və düşüncələri təsdiqləmək arasında böyük uçurum var. Hesab edirəm ki, əməkdaşlarla rəhbər arasında əlaqələr peşəkar baxımdan və biznes etikası çərçivəsində doğru və düzgün olmalıdır və burada ortaya iki mühim məqam çıxır: əməkdaşlar rəhbərə doğru sözləri doğru yerdə və doğru formada ifadə edə bilməlidirlər. İkinci məsələ isə odur ki, rəhbərin qarşısına problemlə çıxan əməkdaşlar mütləq və mütləq problemin çözümlərini də öncədən düşünməli və təklif etməlidirlər ki, rəhbərin qarşısına ancaq sıxıntılarla çıxan insan obrazı yaratmış olmasınlar.
Karyera ilə bağlı beşinci əfsanə odur ki, mənim peşəkar inkişafım şirkətin işidir. Uzun müddət şirkətlərdə işləmiş və karyera yüksəlişi olmayan insanlarda olan ortaq fikir budur ki, şirkət mənim inkişafıma yatırım etmədiyi üçün mən inkişaf etmədim. Əslində, şirkətlərin məqsədləri insanların şəxsi məqsədlərindən fərqli ola bilər və hər bir insanın peşəkar sahəsindən asılı olmadan özünün gələcək 10-15 ili ilə əlaqəli planları və məqsədləri olmaldır. Hər birimiz öz peşəkar inkişafımızda əldə etdiyimiz gəlilərdən və aldığımız maaşdan yatırım etməyi özümüzə vərdiş etməliyik.
Karyera ilə bağlı ümumi düşüncəm isə odur ki, istənilən işə başlamadan öncə beynimizi doğru proqramlaşdırmaq vacibdir, çünki bütün işlərimiz, uğurlarımız və uğursuzluqlarımız bizim beynimizdə başlayır və beynimizdə bitir.
©Oxu.az