“Maddi imkanları aşağı olan insanların tibbi sığortası dövlət tərəfindən maliyyələşdiriləcək, yüksək olan insanlar isə tibbi sığorta haqlarının böyük hissəsini özləri ödəyəcəklər. Beləliklə, səhiyyə sistemi üçün vacib sayılan əlavə resursların cəlb olunması təmin ediləcək”.
Bu barədə baş nazirin müavini Əli Əhmədov İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işi ilə tanış olarkən deyib. O bildirib ki, Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı müəyyən işlər görülüb: «Demək olar ki, müəyyən konsepsiya hazırlanıb və bunun üzərində iş gedir. Digər tərəfdən, dünya ölkələrinin təcrübəsi öyrənilir və Azərbaycanda hansı modelin tətbiq edilməsi məsələsini aydınlaşdırmaq üçün beynəlxalq ekspertlər ölkəyə dəvət edilib. İcbari tibbi sığortanın tətbiqi nəticəsində əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyəti əhəmiyyətli dərəcədə artacaq”.
Ə. Əhmədov qeyd edib ki, gələn ildən Azərbaycanda mərhələli şəkildə icbari tibbi sığortanın tətbiq olunması üçün bu il hazırlıq işləri görüləcək.
APA