22 C
Baku
Friday, July 1, 2022

Kasko sığorta məhsulları çeşidinin artırılmasına ehtiyac var

Müəllif: Seymur Yunusov

Ölkəmizdə qlobal maliyyə böhranı ilə əlaqədar sığorta şirkətlərinin tədiyə yığımı xeyli aşağı düşmüşdür. Sığorta bazarı cari ilin birinci rübündə 17% azalmışdır ki, ən çox azalma da 47,3% olmaqla avtomobillərin kasko sığortasının payına düşmüşdür. 

Kasko sığortasında yığımların ciddi şəkildə azalmasının səbəbi kimi avtomobil satışlarının aşağı düşməsi göstərilir. Ölkəmizdə avtomobillərin yarıdan çoxu kredit yolu ilə satıldığından  kredit götürən mütləq avtomobilini sığortalamalıdır. Özü də kredit müddəti nə qədərdirsə, həmin illərin sığorta haqları da əvvəlcədən ödənilməlidir. Bu qaydalar əvvəllər də belə olub indi də elədir. Tək dəyişən isə avtomobil satışlarının azalmasıdır.

Ölkəmizin avtomobil sığortası bazarı digər sığorta bazarları ilə müqayisədə daha azad bazardır. Bu bazarda sığorta şirkətləri əsl rəqabət apara bilərlər. Bir neçə iri korporativ müştəriləri çıxmaq şərti ilə digər müştəriləri tapşırıq əsasında  sığortaya cəlb etmək mümkün deyil. Sayı bir milyona çatan avtomobil nəqliyyatı vasitələrinin böyük bir hissəsi sığortaya cəlb edilə bilər ki, hələlik sığorta şirkətlərimiz bunu bacarmırlar. Əgər bacarsaydılar kasko sığorta yarıbayarı azalmazdı. Oturub bankların avtomobil alışını kreditlə maliyyələşdirəcəyini  gözləyəndə belə də olmalı idi. Bir-iki sığorta şirkətinin az sayda kasko sığorta məhsulunu çıxmaq şərti ilə çoxlarının fərq yaradacaq, müxtəlif çeşiddə avtomobil sığortası məhsulları yoxdur. Əgər avtomobilini sığortalamaq arzusuna düşüb sığorta şirkətlərinə müraciət etsən, hamısında təqribən eyni qayda ilə rastlaşacaqsan: avtomobilin dəyərinin təqribən 3-6% həcmində sığorta haqqı və ödənişə uyğun franşiza. Franşizanın da məbləği nə qədər az olarsa sığorta haqqı da müvafiq olaraq artırılır. Sanki sığorta şirkətləri kasko sığortada düşdükləri dairənin içərisindən çıxa bilmirlər. Yeni məhsullar işləyib hazırlamaq, müştərilərin sığortaya etibarını bərpa etmək yaddan çıxıb.

Bu gün yollarımızda yüz minlərlə sığortasız avtomobillər hərəkət edir. Əgər sığorta şirkətləri hər bir sürücüyə uyğun sığorta məhsulu təklif edə bilərlərsə, yığımlarını ciddi şəkildə artırmağa nail olarlar.  Bunun üçün sığorta şirkətləri mövcud qaydaları yeniləməli, müasir texnologiyanın inkişafına söykənən məhsullar yaratmalıdırlar. Məsələn, Avropanın bir çox ölkələrində, hətta qardaş Türkiyədə Kaskometr adlı sığorta məhsulu təklif olunur. Bu məhsulun şərtlərinə görə avtomobili sürdüyün qədər (pay as you drive) sığorta haqqı ödəyirsən. Əgər avtomobilini ay ərzində heç sürməmisənsə, oğurluq və yanğına görə sabit haqdan başqa sığorta haqqı ödəmirsən. Avtomobilə quraşdırılan balaca bir cihaz (qara qutu) avtomobilin hansı saatlarda hansı sürətlə nə qədər yol getdiyini peyk rabitəsi vasitəsilə sığorta şirkətinə ötürür. Sığorta şirkəti də hər ay sms vasitəsilə hesabı müştərisinə göndərir. Beləliklə, avtomobili sürdüyün qədər sığorta haqqı ödəməklə bərabər, sığorta haqqını aydan-aya ödəyə bilirsən.

İngiltərədə bu sığorta məhsulundan il ərzində 13000 km, İtaliyada isə 12000 km yol sürən avtomobil sürücüləri faydalana bilirlər. Tarif gedilən hər kilometrə görədir. 25 yaşa qədər olan sürücülər 25-65 yaşlarda olan sürücülərlə müqayisədə bir az yüksək tariflə sığorta haqqı ödəyirlər.  Sığorta şirkətləri hesab edirlər ki, gənc sürücülər yaşlılardan fərqli olaraq daha  çılğın olurlar və onların törətdiyi yol qəza hadisəsi çoxluq təşkil edir. Bununla bərabər sürücü pik saatlarda sürülən hər kilometrə görə daha yüksək sığorta haqqı ödəyir. Qeyri-pik satlar üçün isə tariflər aşağıdır. Bu sistemdə ən bahalı tarif gecə saatları üçündür. Sığorta şirkətlərinin məlumatlarına görə yol qəzalarının 45% gecə saatlarında meydana gəlir. Əgər sürücü avtomobilini gündüz qeyri pik saatlarda  idarə edərsə daha az sığorta haqqı ödəyir, həm də əlavə bonuslar qazanır.

Ümumiyyətlə müasir dünyamızda sığorta şirkətləri daha geniş  çeşiddə sığorta məhsulları təklif etməyə can atırlar. Şirkətlər müştərilərin istədikləri təminatları  özündə əks etdirən  sığorta məhsulları işləyib hazırlayırlar. Məsələn, Türkiyənin bir sığorta şirkətinin təklif etdiyi kasko sığortası paketi maraqlıdır. Müştərilər bu paket içərisindən avtomobil qəzası təminatı olmadan, oğurluq təminatı olmadan və həm qəza, həm də oğurluq və yanğın təminatlarını verən sığorta polisini seçə bilərlər. Yəni, sən əminsən ki, avtomobilin oğurlana bilməz, onu etibarlı yerdə saxlayırsan onda, yol qəza hadisəsinə təminatı verən sığorta polisini seçə bilərsən. Yox əgər “mən təcrübəli sürücüyəm, yol qəza hadisəsi mənim başıma gəlməz” deyənlərdənsinizsə və yalnız avtomobilin ogurlanmasından ehtiyatlanırsınızsa onda oğurluğa qarşı təminat verən sığortadan faydalanmaq olar. Yol qəza hadisəsindən və oğurluqdan ehtiyatlananlar isə hər iki hala təminat verən sığorta polisini ala bilərlər.

Amma təssüf olsun ki, ölkəmizdə sığorta şirkətlərinin avtomobil sığortası ilə bağlı təklif etdikləri sığorta məhsullarının çeşidi azdır. Həmçinin avtomobil sahiblərinin və sürücülərinin mövcud məhsullardan xəbərləri yoxdur. Hazırkı şərtlərlə hesablanan sığorta haqları əksər vətəndaşımızın cibinə uyğun deyil. Digər tərəfdən sığortaya inam aşağıdır. Vətəndaşlarımızın  sığortaya inamının aşağı olması heç də onların avtomobillərini sığorta etdirmək istəməmələri demək deyil. Onlar avtomobilini sığorta etdirmək istəyirlər, sadəcə şirkətlərimiz daha QAYĞIKEŞ olmalıdırlar.

Son xəbərlər
Oxşar xəbərlər