Prokuror Orxan Səmədovun “Metalın daha ucuz qiymətə alınması, lakin sənədlərdə daha baha rəsmiləşdirilməsi, yəni satıcılara sənədlərdə göstərilənlərdən daha az məbləğ ödənilməsi halları olubmu” sualına şahid “Yox, olmayıb”, – deyə cavab verib.
Lakin şahidin istintaq zamanı başqa cür ifadə verdiyi məlum olub.
O, əvvəlki ifadəsində metalın real alış qiyməti ilə sənədlərdə göstərilənlər arasında fərq olduğunu deyib: “Adamlarla razılaşdırılıb, metala görə onlara istədikləri məbləğ ödənilirdi. Lakin verilmiş vəsaitin məbləği sənədlərdə daha yuxarı göstərilirdi. Buna görə qiymət şişirtməsi nəticəsində kassadan 3 milyon 478 min manat çox pul çıxarılıb. O pulun kimə çatdığını bilmirəm”.
Şahid istintaq zamanı dediklərini təsdiq etməyərək, o cür ifadə vermədiyini bildirib.
İttiham olunan Rasim Məmmədov şahidin ifadəsinə münasibət bildirərkən ona təşəkkür edib: “Bu cavan oğlanı ilk dəfədir görürəm, ona heç bir yaxşılığım dəyməyib. Nə necə olubsa, elə danışdı. Sağ olsun. Amma yaxşılıq elədiklərimin çoxu gəlib üzümə durdu. Üzümə duranların əksəriyyətinə atalıq eləmişəm. Yusifi üç dəfə türmədən xilas eləmişəm, gəlib üzümə duracaq”.
Daha sonra “Azərboru”nun baş direktorunun müşaviri Azad Əmirov ifadə verib.
Azad Əmirovun ibtidai istintaqa ifadəsinin elanı zamanı məlum olub ki, o, “Azərboru”dan ümumilikdə “Baku Steel Company”ə 120 min ton dəmir getdiyini deyib.
Lakin o, məhkəmədə əvvəlki ifadəsini təkzib edib: “Mən nə qədər metal getməsini bilə bilməzdim axı. İstintaq zamanı da 120 min ton metal getdiyini deməmişəm. “Azərboru”nu söküb pis günə qoymuşdular. Bir gün mən adamlarla birlikdə getdim ora. Bir “KamAZ” da aparıb saxladım qarşıda, dedim, qoymayacam sökməyə. Sonra məni Prezident Administrasiyasına çağırdılar. Orada vəziyyəti danışdım, dedilər ki, istəyirsən, al, inkişaf elətdir. Mən də Milli Bankdan 20 milyon kredit götürüb “Azərboru”nu aldım”.
Rasim Məmmədov da şahidin istintaq zamanı dediklərinin yalan olduğunu deyib.
Prosesin sonunda hakim Leyla Əsgərova-Məmmədova bildirib ki, iş üzrə bəzi şahidlər teleqram göndərərək, iclasda iştirak edə bilməyəcəklərini deyiblər.
Rasim Məmmədov və vəkili Pərviz Məmmədov buna etiraz ediblər.
Pərviz Məmmədov həmin şəxslərin vacib şahidlər olduğunu deyib, buna görə də məhkəmədə iştiraklarının zəruriliyini diqqətə çatdırıb.
Proses oktyabrın 10-da davam etdiriləcək.
Xatırladaq ki, Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.