Keçən il Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan xüsusi müdafiə təyinatlı layihələrin maliyyələşdirilməsinə 457.1 milyon manat vəsait sərf olunub.
Bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.
Layihədə qeyd edilib ki, 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 517.9 milyon manat məbləğində vəsait istifadə olunub.
Bu vəsaitin 486.7 milyon manatı və ya 94 faizi əsaslı xərclərin, 31.2 milyon manatı və ya 6 faizi cari xərclərin maliyyələşdirilməsinə yönəldilib.
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan istifadə olunmuş vəsaitin 457.1 milyon manatı xüsusi müdafiə təyinatlı layihələrin, 29.6 milyon manatı infrastrukturyönlü sahələrin, 26.2 milyon manatı sosialyönlü sahələrin, 5 milyon manatı isə digər sahələrin maliyyələşdirilməsinə sərf olunub.