14.4 C
Baku
Friday, March 14, 2025

Keçmiş treyderlər “CoreWeave” bulud startapı sayəsində necə milyarder oldular?

Yeddi il əvvəl üç broker süni intellektin idarə edilməsinə artan tələbatı proqnozlaşdıraraq, məlumat mərkəzlərində “Nvidia” qrafik prosessorlarından istifadə edən ilk şirkətlərini qurub. Bu gün bulud hesablama provayderi “CoreWeave” ən perspektivli AI startaplarından biri sayılır, təsisçiləri isə milyarderlərə çevrilib. 

ABŞ-nin “Forbes” jurnalına görə, “CoreWeave” bulud hesablama startapının üç təsisçisi – Maykl İntreytor, Brayan Venturo və Brennin Makbi, habelə idarə heyətinin üzvü Cek Kodcen milyarderdirlər.

CEO Maykl İntreytor, baş strategiya direktoru Brayan Venturo və biznes inkişafı direktoru Brennin Makbi şirkətin səhmlərinin müvafiq olaraq 15%, 9% və 7%, Cek Kodcen isə 5%-nə sahibdir. “CoreWeave” rəhbərliyi ilkin kapitallaşma məbləğini müəyyən etməsə də, oktyabr ayında bəzi səhmlərin satışı üzrə şəxsi əməliyyatlara əsasən, onların hər birinin 1 milyard dollardan çox kapitala sahib olduğunu təxmin etmək olar.

“Forbes” İntreytorun hazırkı sərvətinin 3.1 milyard dollar, Venturonun – 2 milyard dollar, Makbinin – 1.5 milyard dollar, Kodcenin isə 1.2 milyard dollar olduğunu təxmin edir.

İlkin olaraq təsisçilər süni intellekt sahəsində ön sıralarda olacaq bir şirkət yaratmaq barədə düşünmürdülər. 2017-ci ildə o vaxtkı üç broker “Atlantic Crypto” adlı yeni firmaları üçün kriptovalyuta hasil etmək məqsədilə “Nvidia” çiplərini aldılar. İki il sonra şirkət “CoreWeave” adlandırıldı və biznes modeli məlumat mərkəzlərinin qurulmasına və öz serverlərinə malik olmayan şirkətlərə hesablama gücünün satışına keçdi. “OpenAI” 2022-ci ildə dünyaya “ChatGPT”ni təqdim etdikdən sonra süni intellekt bumu daha da alovlandı və bir çox AI şirkəti “CoreWeave” müştərilərinə çevrildi.

Startapın son sənədlərinə əsasən, hazırda onun ən böyük müştəriləri arasında “Microsoft”, “IBM”, “Meta”, “Nvidia”, həmçinin “Cohere” və “Mistral” kimi milyard dollarlıq kapitallaşması olan süni intellekt laboratoriyaları var.

“Biz düşündük ki, bu, gələcəkdə hesablamalardan istifadə etmək üçün yeni və həyəcanverici bir həlldir. Bu sahədə maksimum uğur qazanmaq üçün nə etmək lazımdır?”, – deyə İntreytor 2024-cü ildə “Forbes”ə müsahibəsində deyib.

Qrafik prosessorlara tələbat artdıqca, “CoreWeave” özünü doğru zamanda doğru yerdə tapdı. Bir neçə raund investisiya nəticəsində biznesin kapitallaşması 2023-cü ilin mayında təxminən 2 milyard dollardan 2024-cü ilin mayında 19 milyard dollara yüksəldi. Üstəlik, “Reuters”in hesab edir ki, birjaya daxil olduqdan sonra startapın dəyəri 35 milyard dollara və ya daha çox arta bilər. Məlumat mərkəzlərinin qurulması çox bahalıdır, “CoreWeave”də isə onların sayı 32-dir.

“CoreWeave”in hər üç təsisçisi şirkətin bazar dəyərinin artması hesabına milyarder olublar. Biznesin qiymətləndirilməsi, qarşıdan gələn birja debütünün 2022-ci ildə fond bazarında yavaşlamanın başlamasından bəri ən böyük IPO olacağını göstərir. Bundan əlavə, şirkətin menecerləri sərmayə axtararkən kənardan maliyyə cəlb etmədikləri üçün səhm həcminə nəzarət edə biliblər.

Birja sənədlərinə görə, startap 12 raundda 14.5 milyard dollar cəlb edib, baxmayaraq ki, bu məbləğin üçdə ikisindən çoxu kreditlər şəklində verilib. Belə ki, şirkətin maliyyələşdirməsinin sonuncu böyük raundu 7.6 milyard dollar cəlb edib, bu pulun böyük hissəsi “Magnetar” (“CoreWeave”in ilk və əsas investoru) və “Blackstone” investisiya fondları tərəfindən təmin edilib. Digər diqqətçəkən sərmayəçi milyarder Leks Veksnerdir ki, o, var-dövlətini “Victoria’s Secret” brendindən qazanıb. İndi onun öz övladları və nəvələri üçün yaratdığı “Linden West” fondu vasitəsilə iş adamı “CoreWeave”in nizamnamə kapitalında 4.4% paya malikdir.

Startap böyük pulları olan “Azure” və “Amazon Web Services” kimi bulud provayderlərinin rəqabəti ilə üz-üzədir. Xüsusilə “CoreWeave”in gələcəyi bir müştəri ilə sıx bağlıdır – 2024-cü ildə bütün gəlirin 60%-dən çoxu “Microsoft”dan əldə edilib. Korporasiya müştərilərini kifayət qədər prosessor gücü ilə təmin edə bilmədiyi üçün “CoreWeave” xidmətlərindən istifadə etmək qərarına gəlib. “The Information”a görə, “Microsoft” 2030-cu ilə qədər “CoreWeave” serverlərinə 10 milyard dollar xərcləməyi planlaşdırsa da, “BG2” podkastının dekabr epizodunda İT nəhənginin baş direktoru Satya Nadella “CoreWeave” kimi xarici emal gücü və saxlama mənbələrinin birdəfəlik həll olduğunu açıqlayıb. Bu arada, Nadella əlavə edib ki, “Microsoft”un öz bulud provayderi Azure “tələbi bərpa etmək” üçün çalışır.

Son xəbərlər
Digər xəbərlər