10 C
Baku
Friday, December 13, 2024

“Kiberhücumların 50%-dən çoxu kiçik və orta biznesi hədəf alıb”

Tədqiqatçıların araşdırmalarına görə, Dördüncü Sənaye İnqilabının (4Sİ) qlobal iqtisadiyyata təsiri gündən-günə artır. 4Sİ texnologiyaları olan süni intellekt (AI), əşyaların interneti (IoT), nanotexnologiya, robototexnika, 3D çapı, insan-maşın interfeysləri (human-machine interfaces – HMI), bulud hesablaması, böyük məlumat analitikası və blokçeyn sosial və iqtisadi problemləri uğurla həll etməklə qlobal sənayenin mənzərəsini dəyişir. Rəqəmsal texnologiyalar cəmiyyətə məlumat, iş imkanları və həyat standartlarını yaxşılaşdıran xidmətlər təmin edir. Ümumən, 4Sİ-də liderlik edən Yaponiya, Kanada, Almaniya, Avstriya, İsveçrə kimi qabaqcıl ölkələrin təcrübəsi bizim üçün də maraq kəsb edir.

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Tamerlan Tağıyev müsahibəsində deyib.

O qeyd edib ki, Rəqəmsal iqtisadiyyat gündəlik onlayn əlaqə nəticəsində milyardlarla insanlar, müəssisələr, cihazlar, məlumatlar və proseslər arasında yaranan iqtisadi fəaliyyətdir. Rəqəmsal iqtisadiyyatın əsasını hiperəlaqə təşkil edir ki, bu da internet, mobil texnologiya və əşyaların interneti (IoT) nəticəsində insanların, təşkilatların və maşınların artan qarşılıqlı əlaqələrini ifadə edir. Bu əlaqələr və münasibətlər çərçivəsində bədniyyətli hücumların, təhlükələrin olması qaçılmazdır. Həmin təhlükələrin tamamilə sıfıra endirilməsi isə mümkün deyil. Sadəcə, bu proseslərdə müəssələrin və insanların minimal itkilərlə çıxması üçün qabaqlayıcı tədbirlər görülməlidir. Bu tədbirlər özü də gündəlik təkmilləşdirilməlidir. İstər dövlət, istərsə də özəl sektorda təhülkəsizliyin təmin olunması üçün qabaqlayıcı tədbirlər görülsə də, kibercinayətkarlar da daim özünü təkmilləşdirir və yeni kibertəhlükə formaları yaranır.

COVID-19 pandemiyası dövründə kiberhücumların sayı artıb. Pandemiya dünyada gedən sosial-iqtisadi proseslərə ciddi zərbələr vurmaqla yanaşı, rəqəmsallaşmaya keçidin vacibliyini hiss etdirərək bu prosesləri sürətləndirib. Pandemiya dövrü dünyada təmassız xidmətlərin əhəmiyyətini və vacibliyini artırıb və təminat sistemlərinin inkişafına ciddi təsir edib.

İcraçı direktor bildirib ki, “Cybersecurity Ventures”in 2021-ci il açıqlamasına görə, kiberhücumların 50%-dən çoxu kiçik və orta biznesi hədəf alıb. IBM-in açıqlamasında göstərilir ki, 2020-ci ildə məlumatların (datalar) oğurlanmasına görə dəyən zərər $3.86 mln. təşkil edib (IBM, 2020). “Arcserve” şirkətinin açıqlamasına görə, təkcə 2020-ci ildə alıcıların 59%-dən çoxu kiberhücumdan əziyyət çəkən şirkətlərin xidmətlərindən imtina edib.

Statistikaya nəzər yetirdikdə aydın olur ki, qabaqlayıcı tədbirlər görülsə də, yeni kibercinayət alətləri və cinayət növləri də dəyişir.

T. Tağıyev əlavə edib ki, bu səbəbdən dövlət sektoru ilə yanaşı, şirkətlər də kiberhücumdan zərərçəkən tərəf olduğu üçün büdcələrində kibertəhlükəsizliyin təmin olunması məqsədilə ciddi xərclər nəzərdə tutmalıdırlar. Təhdidlərin qarşısının alınması üçün standartlara uyğun texniki və proqram vasitələrindən istifadəyə, lisenziyalı proqram təminatlarının alınmasına, ictimaiyyətin məlumatlılığının artırılmasına diqqət yetirməlidir.

 

Son xəbərlər
Digər xəbərlər