Niderlandda yerləşən Nexperia adlı çip istehsalçısı ABŞ hökumətinin təzyiqindən sonra Niderland hökumətinin nəzarətinə keçib. Bu hadisə Vaşinqtonla Pekin arasında texnoloji təchizat zəncirlərinə nəzarət uğrunda gedən qlobal mübarizənin növbəti mərhələsi kimi qiymətləndirilir.
ABŞ-ın təzyiqi nəticə verdi
Nexperia-nın qərargahı Niderlandda yerləşir, lakin şirkət Çin texnologiya nəhəngi Wingtech-ə məxsusdur. Şirkət avtomobil və elektronika sənayesində istifadə olunan köhnə tipli mikrosxemlər istehsal edir, minlərlə işçi çalışdırır və qlobal istehsal zəncirinə malikdir. Zavodları Böyük Britaniya və Almaniyada silikon lövhələr istehsal edir, yığma və sınaq prosesi isə Çin, Filippin və Malayziyada həyata keçirilir.
30 sentyabrda Niderland hökuməti şirkətə rəsmi şəkildə nəzarəti ələ aldığını elan etdi. Artıq bütün qərarları ölkənin iqtisadiyyat naziri Vinsent Karremans qəbul edəcək. Elan ərəfəsində ABŞ hökuməti “qara siyahı”sına yeni şirkətlər əlavə etmişdi və bu, Nexperia-nın fəaliyyətinə ciddi nəzarət gətirirdi — çünki ana şirkət Wingtech artıq həmin siyahıda idi.
Vaşinqtonun tələbi: Çin rəhbərliyi dəyişsin
Məhkəmə sənədlərinə görə, ABŞ rəsmiləri aylardır Niderland hökumətinə təzyiq göstərərək, Nexperia-nın Çinli baş direktoru Çjan Syueçjenin dəyişdirilməsini tələb edirdi.
“Şirkətin baş direktoru hələ də eyni çinli sahibkardır — bu, problem yaradır”, – deyə amerikalı rəsmilər bildiriblər.
Qlobal çip savaşı
Nexperia bu gün Vaşinqton və Pekin arasında yarımkeçirici sənayesinə nəzarət uğrunda gedən mübarizənin simvoluna çevrilib. Hər iki tərəf avtomobillərdən süni intellekt sistemlərinə qədər bir çox sahə üçün həyati əhəmiyyət daşıyan çiplər və nadir minerallar üzərində nəzarət uğrunda rəqabət aparır.
Rhodium Group tədqiqat mərkəzinin direktoru Reva Gujon bildirir ki, ABŞ və Çin təchizat zəncirlərində təsirini artırdıqca, digər ölkələr də milli təhlükəsizlik baxımından Çin şirkətlərinin strateji aktivlərinə nəzarəti məhdudlaşdırmaq istəyirlər.
“Bir çox hökumətlər bu vəziyyətdən narazıdır və həmin aktivləri geri almağa çalışır”, – deyə o vurğulayıb.
Çin cavab verir
Niderland hökumətinin qərarından bir neçə gün sonra Çin Ticarət Nazirliyi Nexperia-nın yerli bölmələrinə bəzi məhsulların ixracını qadağan etdi. Şirkət bəyanatında bildirib ki, Çin nəzarətindən çıxmaq üçün “mövcud bütün imkanlardan” istifadə edir.
Çin Ticarət Nazirliyi rəsmi şərh verməsə də, sözçü He Yunçyan Vaşinqtonun addımlarını “qlobal sənaye təchizat zəncirinin təhlükəsizliyini və sabitliyini ciddi şəkildə pozmaqda” ittiham edib.
Onun sözlərinə görə, Niderlandın qərarı “ABŞ-ın çinli şirkətlərin qanuni maraqlarını pozmasının bariz nümunəsidir”.
Pekindən yeni addımlar
Pekin ötən həftə texnologiya sənayesinə aid kritik mineralların ixracına tam nəzarət elan edib. Bu qaydalar ABŞ-ın texnoloji məhdudiyyətlərinə bənzəyir. Bundan başqa, Çin hökuməti Hanwha gəmiqayırma şirkətinin ABŞ-dakı törəmə müəssisələrinə qarşı sanksiyalar tətbiq edib, onları “ABŞ-a dəstək verməkdə” ittiham edib.
Qərar dərhal qüvvəyə minib və Çin şirkətləri ilə fərdlərə Hanwha-nın bu bölmələri ilə əməkdaşlıq qadağan olunub.
Qlobal qarşıdurma dərinləşir
Mütəxəssislər hesab edir ki, ABŞ və Çin arasında artan rəqabət fonunda digər dövlətlər də həyati texnologiyaların istehsalına nəzarəti gücləndirməyə çalışacaq.
“Bu proses uzun illər ərzində formalaşıb və indi açıq şəkildə özünü göstərir,” – deyə Rhodium Group-un eksperti Reva Gujon bildirib.