Cənubi Koreya qonşusu Şimali Koreyanın raket sınaqlarının sonunun yaxşı olmayacağı qənaətindədir. Cənubi Koreyanın prezidenti Yun Sok Yol açıq bəyan edib ki, Koreya Xalq Demokratik Respublikası öz məqsədlərinə çatmaq üçün nüvə silahından istifadə edə bilər. Həyəcan üçün ciddi əsas var. Şimali Koreya sentyabrın 2-də Sarı dəniz istiqamətində bir neçə qanadlı raket atıb. Şimali Koreyanın diktator lideri Kim Çen İn isə bir neçə gün əvvəl hərbi sursat fabrikinə baxış keçirib. Şimali Koreya nüvə proqramı ilə yanaşı hərbi dəniz qüvvələrinin gücləndirilməsinə çalışır. Bundan başqa Şimali Koreyada hədəflərin məhv edilməsi imitasiyası ilə taktiki nüvə silahlarına zərbələr endirmək üzrə təlimlər keçirilib.
Bu vəziyyətdə Cənubi Koreyanın ABŞ və Yaponiya ilə hərbi əməkdaşlığı genişləndirməkdən başqa alternativi yoxdur. 3 ölkənin lideri ildə ən azı bir dəfə ortaq toplantı keçirməyi qərara alıblar. Liderlərin sonuncu görüşü avqust ayında ABŞ prezidentinin Kemp-Deviddəki rezidensiyasında keçirilib. Maraqlıdır ki, 2015-ci ildən bu yana Kemp-Deviddə qonaqların iştirakı ilə görüşlər keçirilməyib. ABŞ prezidenti Co Bayden Cənubi Koreyanın prezidenti Yun Sok Yol və Yaponiyanın baş naziri Fumio Kisida ilə iki mövzunu müzakirə edib: Şimali Koreyanın hədələri və Çinin durdurulması.
Vaşinqton bununla 3 dövlətdən ibarət yeni koalisiya yaradıb. Bununla bağlı şərh verən Atlas araşdırmaları mərkəzinin direktoru Elxan Şahinoğlu, bu formatı Vaşinqton üçün vacib sayır. “Həm də ona görə vacibdir ki, Cənubi Koreya ilə Yaponiya arasında da zaman-zaman fikir ixtilafları yaranır. Bu Amerikanın təhlükəsizlik maraqlarına ziddir”.
Cənubi Koreya və Yaponiya tarixi mövzularda fərqli yanaşmalar ortaya qoyurlar. E.Şahinoğlu bildidir ki, Vaşinqtonun məqsədi bu iki ölkəni tarixi mövzulardakı ixtilafdan yayındıraraq diqqəti hazırki qlobal problemlərə yönətlməkdir.
“Vaşinqton Seulu və Tokionu inandırmağa çalışır ki, üçlük Şimali Koreya və Çinin təhlükəli siyasətlərini durdurmaq üçün aralarındakı ittifaqı gücləndirməlidirlər”.
Vaşinqton Çinin bölgədə artan gücündən də narahatdır. Buna baxmayaraq, Vaşinqtonla Pekin arasında dialoq mövcuddur. Doğrudur, bu dialoq problemləri həll etməsə də, tərəflər fikir mübadiləsindən imtina etməyiblər. Vaşinqtonun Şimali Koreya ilə isə dialoqu yoxdur. ABŞ prezidenti Co Bayden Şimali Koreya diktatoruna görüş təklifi versə də, qarşı tərəfdən müsbət cavab almayıb. Şimali Koreya diktatoru Vaşinqtonla dialoq əvəzinə Moskva və Pekinlə strateji tərəfdaşlığı gücləndirməyə qərar verib. Şimali Koreya diktatoru Rusiyaya səfər etməyi planlaşdırıb. Moskva və Pekin Şimali Koreyanın Vaşinqtonla dialoqunda maraqlı deyillər. Moskva və Pekin Şimali Koreyanın nüvə sınaqlarını davam etdirməsini istəyirlər ki, Vaşinqton enerjisinin tamamını Rusiya və Çinlə mübarizəyə həsr edə bilməsin.