Əməliyyat həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan iaşə sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri işçilərin əməkhaqlarını təqvim ayı ərzində 15 min manatadək hədd daxilində nağd qaydada ödəyə bilərlər.
Bunu Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva, ona ünvanlanmış sualı cavablandırarkən bildirib.
O həmçinin qeyd edib ki, “Nağdsız hesablaşmalar haqqında” AR Qanununun 3-cü maddəsinə görə, bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan 30 min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15 min manatdan artıq olan hesablaşmalar nağdsız qaydada aparılmalıdır.