Baş Prokurorluq satınalma prosesində təchizatçı qismində iştirak barədə maarifləndirici məlumat yayıb.
“Banker.az”a Baş Prokurorluqdan verilən xəbərə görə, məlumatda deyilir:
“Kimlər satınalma prosesində təchizatçı qismində iştirak edə bilər?
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən daxil olan müraciətlər və istintaqı aparılmış cinayət işlərinin təhlili nəticəsində vəzifəli şəxslər tərəfindən dövlət satınalmaları sahəsində yol verilən xarakterik pozuntular mütəmadi olaraq öyrənilməklə korrupsiya risklərinin səbəbləri və aradan qaldırılma yolları araşdırılır.
Eyni zamanda 1 yanvar 2024-cü ildən etibarən Dövlət Satınalmaları haqqında Azərbaycan Respublikasının 14 iyul 2023-cü il tarixli 988-VIQ nömrəli Qanununu qüvvəyə minməsi ilə sahibkarlıq subyektləri və satınalma komissiyalarını təmsil edən şəxslər üçün həmin aktın təcrübədə tətbiqi ilə bağlı çətinliklər və suallar yarana bilər.
Baş Prokurorluq tərəfindən bütün bu zərurətlər nəzərə alınmaqla korrupsiya risklərinə münasibətdə ən həssas istiqamətlərdən olan dövlət satınalmaları sahəsində hazırlanmış maarifləndirmə məlumatları ictimaiyyətin diqqətinə təqdim edilir.
Satınalma müqaviləsini bağlamaq, müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirmək, müqavilənin icrası zamanı istifadə olunacaq əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək səlahiyyətlərinə malik olan, riskli vergi ödəyicisi qrupuna daxil olmayan, satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə təcrübəsi olan, habelə, zəruri texniki imkan, maddi-texniki baza və müvafiq tələblərə cavab verən işçi qüvvəsinə malik olmaqla “Dövlət satınalamaları haqqında” Qanunun 23-cü maddəsində nəzərdə tutulan digər müvafiq tələblərə cavab verən şəxslər satınalma prosesində təchizatçı qismində iştirak edə bilərlər.
Satınalamanın həyata keçirilməsi (təkliflərin cəlb edilməsi) barədə elan açıq tender metodu üzrə ehtimal olunan qiymət 1 milyon manatadək olduqda təkliflərin açılması günündən azı 15 iş günü, 1 milyon manatdan 10 milyon manatadək olduqda 20 iş günü, 10 milyon manat və ondan çox olduqda 30 iş günü, iki mərhələli tender metodu üzrə 40 iş günü, kotirovka metodu üzrə 10 iş günü əvvəl portalda dərc edilir.
Satınalmada iştirak etmək istəyən təhcizatçılar portala daxil olub satınalma prosesinə dair ilkin xüsusatlarla (satınalan təşkilat və satınalma komissiyası tərəfindən müəyyən edilmiş satınalma predmeti, satınalma planı, ehtimal olunan qiymət, şərtlər toplusu, təchizatçıdan tələb olunan sənədlər və s.) tanış olduqdan sonra həmin məsələlərlə bağlı ona aydın olmayan hallar üzrə bağlı uyğunluq sənədlərinin və ya təkliflərin təqdim edilməsi müddətinin bitməsinə 5 iş günü qalanadək satınalan təşkilata müraciət edə bilər. Satınalma komissiyası sorğunu aldıqdan sonra *2 iş günü ərzində sorğuya cavab verir. Sorğu və ona verilən cavab sorğu verənin gizliliyi təmin edilməklə həmin gün portalda yerləşdirilir. //etender.gov.az/
Satınalma komissiyası uyğunluq sənədləri və ya təkliflərin təqdim edilməsi müddətinin bitməsinə 3 iş günü qalanadək uyğunluğa dair sənədlər toplusuna və ya şərtlər toplusuna hər hansı təchizatçının sorğusu əsasında və ya texniki səhvlər və ya çatışmazlıqlar aşkar edildikdə öz təşəbbüsü ilə dəyişikliklər (satınalma predmetinin dəyişdirilməsi istisna olmaqla) edə bilər. Dəyişikliklər portal vasitəsilə bütün təchizatçılara göndərilir və bütün təchizatçılar üçün məcburi qüvvəyə malikdir.
Satınalma komissiyası uyğunluğa dair sənədlər toplusuna və ya şərtlər toplusuna dəyişikliklər etdiyi halda, uyğunluq sənədlərinin və ya təkliflərin təqdim edilməsi müddətini ən azı 5 iş gününədək uzadır.
Təchizatçının əsaslandırılmış müraciəti əsasında uyğunluq sənədləri və ya təkliflərin təqdim edilməsi müddəti 10 iş gününədək uzadıla bilər.
Təchizatçılar tərəfindən satınalmalarda iştirakla əlaqədar portaldan istifadə etmək üçün istifadə haqqı ödənilir.
Təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduru keçirildikdə, uyğunluğa dair sənədlər toplusunu əldə etmiş təchizatçılar uyğunluq sənədlərini təqdim etmək üçün iştirak haqqı ödəyirlər. Bu halda onlar təklifləri təqdim etmək üçün iştirak haqqı ödəmirlər.
Təchizatçı satınalmalarda iştirak etmək məqsədilə portaldan istifadə üçün iştirak haqqını ödədikdən sonra təqdim etdiyi təklifə uyğunluq sənədlərini, təklifin təminatı və digər zəruri sənədləri əlavə edir. Təkliflərin təqdim olunması üsulu, yeri, son tarixi və saatı şərtlər toplusunda müəyyənləşdirilir.
Təkliflər kağız daşıyıcılarda onların açılmasına ən geci 1 saat qalanadək, portal vasitəsilə isə onların təqdim edilməsi üçün müəyyən edilən müddət başa çatanadək satınalan təşkilata təqdim edilir. qeyd olunan müddətdən gec təqdim olunan təklif qəbul edilmir. Həmin təklif kağız daşıyıcılarında təqdim olunduqda, açılmadan təchizatçıya qaytarılır və onun satınalmada iştirakına yol verilmir”.