İpoteka və Kredit Zəmanət Fondunun (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində mənzil fonduna daha iki yaşayış kompleksi üzrə mənzillər daxil edilib.
Banker.az Fonda istinadən xəbər verir ki, yeni yaşayış komplekslərindən biri Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşir. Kompleks üzrə vətəndaşlara ilkin mərhələdə 2 və 3 otaqlı olmaqla 100 mənzil təklif olunur. Yaşayış kompleksində təklif olunan mənzillərin aylıq ödənişləri 616 manatdan başlayır.
Digər kompleks Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesinin 17-ci km-də yerləşir. Kompleks üzrə vətəndaşlara ilkin mərhələdə 111 mənzil təklif olunur ki, bunlar da 1, 2 və 3 otaqlı mənzillərdir. Mənzillərin aylıq ödənişləri 268 manatdan başlayır. Aylıq ödənişlər çox güzəştli şərtlərlə, mənzilin dəyərinə sığortalanma da daxil olmaqla xərclər nəzərə alınmaqla hesablanır.