“İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın aylıq gəlirinin hesablanması qaydası”nda dəyişiklik edilib.
Fondun baş meneceri Rasim Abdullayev deyib ki, artıq sadələşdirilmiş vergi ödəyiciləri – bərbər, dərzi, bağban, fotoqraf, videoqraf və bu kimi fərdi sahibkarlıqla məşğul olanlar da ipoteka krediti üçün müraciət edə bilərlər.
İpoteka və Kredit Zəmanət Fondunun Kommunikasiya və informasiya təminatı xidmətinin rəisi Anar Cəbrayıllı isə fondun 14 iyul tarixində kirayə mexanizmi ilə satışa çıxaracağı yeni mənzillər barədə danışıb. O, Biləcəri qəsəbəsində satışa çıxarılacaq evlərin aylıq ödənişinin çox olması ilə bağlı fikirlərə aydınlıq gətirib.
“Biləcəridə satışa çıxan kirayə mənzillər 3-4 otaqlıdır. 1-2 otaqlı olsaydı, qiymətlər kifayət qədər aşağı olacaqdı. Məsələn, Sumqayıtda 1 otaqlı evlərin aylıq ödənişi 376 manatdan başlayır. Burda şərtlər kifayət qədər yumşaqdır. Əvvəlcədən 12 aylıq kirayə haqqı ödənilir, başqa heç bir ödəniş tələb olunmur. Biləcəri istiqamətində də ilkin ayliq ödəniş 1482 manatdır. Burada həm mənzilin dəyəri, həm də kirayə haqları var”.
Qeyd edək ki, bu günə qədər ölkədə kirayə mexanizmi il 7200-dən artıq mənzil satılıb. İndiyə kimi verilən ipoteka kreditinin həcmi isə 5,1 milyard manatdır. Onun da təxminən 70 %-i dövlət xətti ilə 54 mindən çox şəxsə verilib.