Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etməsi gözlənilən 10-cu paket çərçivəsində sanksiya tətbiq olunacaq rusiyalı rəsmilərin adları bəlli olub.
Bu barədə sanksiyalarla bağlı ilkin sənədi əldə etmiş “EU Observer” saytı məlumat yayıb.
Portalın verdiyi məlumata görə, sanksiyalar siyahısında Ukraynanın işğal olunmuş torpaqlardan ukraynalı uşaqların kütləvi oğurlanmasına kömək etdiklərinə görə rusiyalı siyasətçilər – Lenara İvanova, Vyaçeslav Duxin və Tatyana Moskalkovanın adları çəkilir. Onların viza qadağası və aktivlərinin dondurulması ilə üzləşəcəyi bildirilir.
“Başqırdıstan Baş nazirinin müavini Lenara İvanova ukraynalı uşaqların Rusiyaya zorla deportasiyası və sonradan onların rus ailələri tərəfindən qanunsuz övladlığa götürülməsində iştirak edən əsas şəxslərdən biridir. Moskva vilayətinin rəsmisi Duxin, ukraynalı uşaqların öz bölgəsində yaşayan ailələrə qeyri-qanuni övladlığa götürülməsinə şərait yaradırdı və qeyri-qanuni deportasiya edilmiş bu ukraynalı uşaqlar üçün Rusiya vətəndaşlığını təmin etməyə çalışırdı. Sanksiya tətbiq olunacaq Rusiyanın insan haqları üzrə komissarı Moskalkova isə Rusiya tərəfindən işğal olunmuş Ukraynada “filtrasiya düşərgələri”nin mövcudluğunu inkar edib”, – Aİ sənədində qeyd olunub.
Yeni siyahıda olan digər 59 şəxs nazir müavinləri, deputatlar, senatorlar, prokurorlar, hərbi komandirlər və təbliğatçılardır.
“EU Observer” bildirib ki, Aİ rus general-mayoru Aleksey Avdeyevə “Rusiya ordusunun mülki əhaliyə qarşı vəhşiliklər törətdiyi” ərazilərdə olmasına görə sanksiya tətbiq edəcək.
“Hava Desant qüvvələrinin rəisi Mixail Teplinski 2022-ci ildə Ukraynada Buça sakinlərinin güllələndiyi yerdə olub. General-polkovnik Sergey Karakayev isə istilik və su təchizatı kimi mülki infrastrukturların strateji atəşə tutulmasına cavabdeh olub”, ilkin sənəddə qeyd olunub.
Sanksiyaya məruz qalacaq şəxslər arasında “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov da var.
Həmçinin sanksiyaların hədəf alacağı şəxslər arasında Rusiyanın media tənzimləyici orqanı “Roskomnadzor” rəhbərinin iki müavini və müharibəyə dəstək göstərmək üçün istifadə edilən “Z” simvolunun ticarət nişanı hüquqlarına sahib olan Ümumrusiya Xalq Cəbhəsinin maliyyə qrupunun rəhbərlərinin olduğu da bildirilib.