Alman şirkətləri ABŞ-yə yatırımlarını Amerika lideri Donald Trampın ikinci prezidentlik müddətinin ilk ilində, demək olar, iki dəfə azaldıb.
Bu barədə “Reuters” agentliyi Köln İqtisadiyyat İnstitutunun (IW) apardığı araşdırmaya istinadən məlumat yayıb.
Məlumata görə, 2025-ci ilin fevral-noyabr ayları arasında Almaniya şirkətləri ABŞ-yə təxminən 10,2 milyard avro investisiya qoyub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 45 % azdır. Həmin dövrdə göstərici təxminən 19 milyard avro təşkil etmişdi. Tədqiqatçılar həmçinin bu rəqəmləri 2015–2024-cü illərin eyni dövründəki orta göstərici ilə müqayisə ediblər – bu, təxminən 13,4 milyard avro olub.
İnstitutun xarici ticarət üzrə eksperti Samina Sultan qeyd edib ki, hətta bu orta göstərici ilə müqayisədə də Trampın vəzifəyə başlamasından bəri göstərici 24 %-dən çox azalıb. İqtisadçıların hesablamalarına görə, Almaniyanın ABŞ-yə ixracı da azalıb: 2025-ci ilin fevral-oktyabr aylarında tədarüklər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,6 % azalıb. İnstitut vurğulayıb ki, bu, COVID-19 pandemiyası dövrü istisna olmaqla, 2010-cu ildən bəri ən kəskin enişdir.
Ekspertlər bildiriblər ki, 2025-ci ildəki geriləmə yalnız ABŞ-nin rüsumları ilə bağlı olmayıb, həm də dolların devalvasiyası ilə əlaqəli ola bilər. İnstitut qeyd edib ki, şirkətlər ABŞ-nin ticarət siyasətindəki dəyişikliklərdən və əlavə rüsumların tətbiqi hədələrindən narahatdır. Sultan hesab edir ki, Trampın siyasətindəki qeyri-müəyyənlik, adətən, bir neçə il öncədən investisiya qərarı verən şirkətləri gözləmə mövqeyi tutmağa məcbur edir.
Sektorlar üzrə göstəricilər də avtomobil və avtomobillərin ehiyat hissələrinin ixracında daha kəskin azalma olduğunu üzə çıxarıb (təxminən 19%). Maşınqayırma məhsullarının ixracı 10 %, kimya məhsullarının ixracı isə 10 %-dən çox azalıb. Tədqiqatçılar bildiriblər ki, bu, Atlantikanın hər iki tərəfində mənfi nəticələrə gətirib çıxarıb. Ekspertlərin sözlərinə görə, rüsumlar ABŞ-də məhsulun maya dəyərini artırıb.







