Hindistanın Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələri üçün 120-yə yaxın “Pralay” ballistik raketinin alınmasına icazə verib və onları Pakistan və Çinlə sərhədlərdə yerləşdirəcək.
Trend xəbər verir ki, bu barədə “Ani” xəbər agentliyi ölkənin Müdafiə Nazirliyindəki mənbələrə istinadən xəbər yayıb.
“Müdafiə Nazirliyində keçirilən yüksək səviyyəli müşavirədə silahlı qüvvələr üçün 120-yə yaxın raketin alınması və onların sərhədlərdə yerləşdirilməsi təsdiqlənib”, – deyə mənbə bildirib.
“Pralay” raketi ötən ilin dekabrında ardıcıl iki gün ərzində iki dəfə uğurla sınaqdan keçirilib.
“Pralay” 150-500 kilometr məsafədəki hədəfləri vurmaq və 350-700 kiloqram ağırlığında döyüş başlığı daşımaq qabiliyyətinə malikdir. O, mobil quraşdırma vasitəsilə işə salına bilər. Raket uçuş yolunu dəyişə bilir ki, bu da onun digər raketlər tərəfindən məhv edilməsinin qarşısını alır.